Kişi modasının inkişafı niyə qadın modasından geridə qalır ? - AYDINLIQ GƏTİRİLDİ

19 Yanvar 2026 11:39 (UTC+04:00)

"Kişi modasının qadın modasından daha ləng inkişaf etməsinin əsas səbəblərindən biri bazar davranışıdır". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, moda sənayesi ilk növbədə tələbat üzərində qurulur və statistik olaraq qadın istehlakçılar daha tez-tez alış edən, trendlərə daha açıq bir seqment təşkil edir: "Bu isə brendlərin investisiya və yaradıcılıq resurslarını daha çox qadın kolleksiyalarına yönəltməsinə səbəb olur.

Kişi geyim bazarı uzun müddət “aşağı risk – sabit gəlir” modeli ilə işləyib. Klassik kostyum, köynək və əsas baza parçaları illərlə satıla bildiyi üçün brendlər dizayn baxımından radikal dəyişikliklərə ehtiyac duymayıb. Qadın modasında isə sürətli dövriyyə, yəni "fast fashion" və mövsümi trend dəyişmələri, biznes baxımından daha yüksək gəlir potensialı yaradıb.

Digər tərəfdən, kişi müştərilərin alış davranışı daha rasional xarakter daşıyır. Funksionallıq, keyfiyyət və uzunömürlülük ön plandadır ki, bu da məhsulun estetik riskini məhdudlaşdırır. Qadın bazarında isə emosional alış və vizual cazibə satışa birbaşa təsir edən əsas amillərdən biridir.

Son illərdə kişi modasına marağın artması ilə bazar dinamikası dəyişməkdədir. Premium kişi geyimi, kapsul kolleksiyalar, streetwear və gender-neytral dizaynlar yeni gəlir modelləri formalaşdırır. Rəqəmsal platformalar və sosial media kişi auditoriyasının modaya münasibətini dəyişərək brendləri daha cəsarətli qərarlar verməyə təşviq edir.

Biznes baxımından nəticə ondan ibarətdir ki, kişi modasının zəif inkişaf etdiyi fikri artıq aktual deyil. Sadəcə olaraq bu sahə uzun müddət stabil gəlir modeli üzərində qurulmuşdu və indi mərhələli şəkildə innovativ və yaradıcı mərhələyə keçid edir".