Kənd təsərrüfatı naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

19 Yanvar 2026 11:23 (UTC+04:00)

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 23-də saat 9-da Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının sakinləri Oğuz DAİM-ə (050-558-76-47) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.