Türkiyədən Suriyadakı atəşkəslə bağlı BƏYANAT

19 Yanvar 2026 03:04 (UTC+04:00)

"Ümid edirik ki, Suriyada atəşkəs və tam inteqrasiya sazişi ərazi bütövlüyü və birliyə əsaslanan sabitliyə doğru səyləri effektiv şəkildə irəlilədəcək."

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Suriyada əldə edilən atəşkəslə bağlı bəyanatında deyilir. "Ümid edirik ki, Suriyanın gələcəyi terrorizm və bölünmədə deyil, birlik və inteqrasiyadadır. Suriya Ərəb Respublikasının keçid dövrü Prezident Əhməd Şara tərəfindən bu gün (18 yanvar) elan edilən atəşkəs və tam inteqrasiya sazişinin Suriyanın ərazi bütövlüyü və birliyi əsasında ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olması səylərini sürətlə və effektiv şəkildə irəli aparmasını arzulayırıq.

Ümid edirik ki, razılaşma Suriya xalqının, eləcə də bütün regionun, xüsusən də Suriyanın qonşularının təhlükəsizliyinə və sülhünə töhfə verəcək. Suriyada 8 dekabr 2024-cü ildə başlayan və ölkənin firavan gələcəyə çatması üçün müstəsna fürsət təşkil edən yeni dövr hazırda kritik mərhələdədir.

Reallıqları nəzərə alaraq, ümid edirik ki, Suriyadakı bütün qruplar və fərdlər ölkənin gələcəyinin terrorizm və bölünmədə deyil, birlik, həmrəylik və inteqrasiyada olduğunu tam şəkildə anlayacaqlar. Türkiyə, xalqın razılığına əsaslanan inklüziv və birləşdirici yanaşma ilə həyata keçirilən Suriya hökumətinin terrorizmə qarşı mübarizə səylərini və yenidənqurma təşəbbüslərini dəstəkləməyə davam edəcək", - deyə bəyanatda bildirilib.

Mətləb