Qrenlandiyalılar Trampın ada almasına etiraz edirlər…

18 Yanvar 2026 18:25 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın adanı almaq istəyi Qrenlandiya və Danimarkada genişmiqyaslı etirazlara səbəb olub.

Qrenlandiyanın paytaxtı Nuukda Baş nazir Yens-Frederik Nilsen nümayişçilərə qoşulub.

SİA xəbər verir ki, The New York Times qəzetinin məlumatına görə, havanın temperaturu sıfırdan aşağı düşməsinə və qar yağmasına baxmayaraq, yüzlərlə Nuuk sakini Qrenlandiyanın mümkün alınmasına qarşı olduqlarını bildirmək üçün milli bayraqlarla küçələrə çıxıblar. Baş nazir Nilsen təpədə dayanıb və bayrağı nümayiş etdirib və bu, alqışlarla qarşılanıb.

…Biz bunu keçən il demişdik və bir daha deyəcəyik: biz satılmırıq, - deyə yerli elektrikçi İsak Bertelsen vurğulayıb.

O, bu açıqlamanın yorucu olmadığını, əksinə, güc verdiyini söyləyir.

Təşkilatçılar Aasiaat, Qaqortoq və İlulissat şəhərlərində, eləcə də Kopenhagendə və Danimarkanın digər şəhərlərində iştirakçıların Qrenlandiya ilə həmrəylik ifadə etdikləri etirazların olduğunu bildiriblər.

Etirazçılar "Xeyr, yox deməkdir", "Qrenlandiya artıq böyükdür" və hətta ABŞ administrasiyasına ünvanlanmış daha sərt ifadələr yazılmış lövhələr tutmuşdular.

İştirakçılar Trampın Qrenlandiyanı "bu və ya digər şəkildə", "istəsələr də, istəməsələr də" nəzarəti ələ keçirmək niyyəti ilə bağlı açıq açıqlamasından sonra səbrlərinin tükəndiyini bildiriblər.

Etiraz təşkilatçısı Kristian Yohansen qeyd edib ki, ABŞ prezidentinin hər yeni açıqlaması yalnız ictimai narahatlığı artırır.

Vatanqtonda vitse-prezident J.D. Vance və dövlət katibi Marko Rubio ilə danışıqlarda Danimarka və Qrenlandiya xarici işlər nazirləri "adanın alınmasının texniki detallarını" müzakirə etməyə keçmək təklifini rədd ediblər.

SİA-nın bundan əvvəl yazdığı kimi, buna cavab olaraq Tramp Danimarkaya və onun mövqeyini dəstəkləyən digər NATO ölkələrinə ticarət tarifləri tətbiq etməklə hədələyib.

Əli Babayev