Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib

18 Yanvar 2026 14:16 (UTC+04:00)

Ötən gün gecə saatlarından etibarən bölgələrdə qar yağması müşahidə olunur.

SİA-nın bölgə müxbiri xəbər verir ki, yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Qar örtüyünün qalınlaşması və yolun sürüşkən olması səbəbindən xüsusilə sərt döngəli və enişli hissələrdə bir neçə avtomobil yolda qalıb, bəzi nəqliyyat vasitələri isə yoldan çıxıb. Hadisələr nəticəsində ölən və xəsarət alan olmasa da, müxtəlif yol-nəqliyyat qəzaları qeydə alınıb.

Mövcud vəziyyətlə əlaqədar olaraq, hər iki istiqamətdə gediş-gəliş bir müddət xeyli çətinləşib. Polis əməkdaşları yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə gücləndirilmiş rejimdə xidmət aparır, sürücülərə hava şəraitinə uyğun hərəkət etmələri barədə tövsiyələr verilir.

Eyni zamanda, yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub. Qarlı və buz bağlamış yol sahələrinə duz-qum qarışığı səpilir, hərəkətin normal bərpası üçün zəruri tədbirlər görülür. Hazırda yolun açıq saxlanılması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.