Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb - FOTOLAR

18 Yanvar 2026 13:04 (UTC+04:00)

Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və onun nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Samir Rzayev, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar, Avropanın müxtəlif ölkələrində, Almaniyanın ayrı-ayrı şəhərlərində yaşayan soydaşlarımız, xaricdəki bir sıra Azərbaycan evlərinin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin sədri Günay Mirzəyeva Almaniyada yaşayan soydaşlarımızı bir araya gətirən mərkəzin və Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib. O, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və onun nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.

Bildirilib ki, Azərbaycan evləri, həftəsonu məktəbləri, o cümlədən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Qarabağ” onlayn məktəbləri üçüncü, dördüncü nəsil diasporun ana dilini öyrənməsi baxımından üstünlüklər və yeni imkanlar yaradan ən uğurlu modeldir. Bu modelin azərbaycanlıların kompakt yaşadığı Ştutqart kimi vacib bölgədə tətbiq olunması xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə dövlət başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli, Alyansın İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar və digər icma üzvləri çıxış edərək, Azərbaycan Evinin açılışını soydaşlarımızın birliyinin rəmzi adlandırıblar.

Mərasim iştirakçıları italyan mədəniyyət xadimi Françesko Macconun əsərlərindən ibarət “Nar” adlı sərgiyə baxıblar.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ştutqart şəhərində açılan Azərbaycan Evi də daxil olmaqla, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Bu məktəblərin bəziləri Azərbaycan evlərində, digərləri isə diaspor təşkilatlarının və mədəniyyət mərkəzlərinin nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız, eləcə də ölkəmizi sevən xaricilər Azərbaycan evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edirlər.

Əlavə edək ki, dövlətimizin başçısının tövsiyəsi əsasında xaricdəki həftəsonu Azərbaycan məktəblərinin sayı artırılır və əhatə dairəsi genişləndirilir.