AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

16 Yanvar 2026 20:15 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

SİA xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, əvvəlcə AMEA-nın Yer Elmləri Bölməsinin (YEB), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) və Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü iclasla AMEA-nın elmi bölmələrinin 2025-ci ildəki fəaliyyətlərinə dair hesabatlara başlanılır və qarşıdakı günlərdə ümumilikdə Akademiyanın 6 bölməsinin, eləcə də regional bölmə və elmi mərkəzlərinin hesabatları ictimaiyyətə təqdim olunacaq. Akademik İsa Həbibbəyli vurğulayıb ki, məqsəd elmi nailiyyətləri dinləyib qiymətləndirmək, həmçinin ölkəmizin elmi ictimaiyyətinə təqdim etməkdir. Elmi nailiyyətlərin təbliği üçün hər bölmənin öz saytlarının mövcudluğunun və aktiv istifadəsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli bildirib ki, cəmiyyət bununla Akademiyada gedən elmi proseslərlə yaxından tanış olmaq imkanı əldə edir və onlarda müəyyən bir fikir formalaşır. AMEA rəhbəri, hesabatlar hazırlanan zaman müasirləşmə modelinin, müqayisələrin, cədvəllərin, diaqramların əksini tapmasının zəruriliyini vurğulayıb.

Akademiyada aparılan struktur islahatları barədə də məlumat verən akademik İsa Həbibbəyli, bunu dövrün çağırışlarının tələb etdiyini və qaçılmaz olduğunu bildirib, ötən müddət ərzində AMEA-da mövcud ştat vahidləri və daxili imkanlar hesabına 30-a yaxın yeni şöbənin yaradıldığını söyləyib. Bu çərçivədə bu günlərdə AMEA-nın elmi müəssisələrində Rəqəmsal elm sahəsi və süni intellekt üzrə şöbələrin yaradıldığını deyib, aparılan struktur islahatlarının elmin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İbrahim Quliyev bölmənin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Bildirib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Konstitusiya və Suverenlik İli”, AMEA-nın Ümumi yığıncağının və Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrasına istiqamətlənib.

Akademik İbrahim Quliyev qeyd edib ki, 2025-ci ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 15 problemi əhatə edən 44 mövzu, 56 elmi tədqiqat işi, 15 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilmiş, 11 mövzu, 20 elmi-tədqiqat işi və 7 mərhələ başa çatdırılmışdır. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisələrdə 40-dan çox mühüm nəticə alınmış, təsərrüfat müqaviləsi əsasında 43 elmi-tətbiqi iş yerinə yetirilmişdir.

Məruzəçi qeyd edib ki, beynəlxalq Scimago elmi reytinqində müvafiq göstəricilərə əsasən, Azərbaycan Yer elmləri həm dünya üzrə, həm də aid edildiyi Şərqi Avropa ölkələri qrupunda mövqelərinin dinamik yüksəlişi son beş il ərzində davamlı və stabildir. Azərbaycanın geofizika elmi 2024-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 36-cı, geomühəndislik elmi 41-ci, geologiya elmi 47-ci mövqedədirlər.

Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik İbrahim Quliyev hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 9 monoqrafiya (1-i xaricdə), 16 kitab və 6 dərslik, 264 məqalə (188-i xaricdə), 117 tezisin (78-i xaricdə) nəşr edildiyini, onlardan 115-nin “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-in 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Bildirib ki, 2025-ci ildə AMEA nəzdində RSXM-də 3 problemi əhatə edən 5 mövzu, 13 elmi-tədqiqat işi yerinə yetirilib. Mərkəzin əməkdaşları 4 (beynəlxalq və yerli) qrant layihələrində iştirak ediblər.

Hesabat ilində AMEA nəzdində RSXM-də 47 məqalə (12-si xaricdə), 19 tezis (12-si xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 9-u Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.

Sonra Şəki REM-in 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü təqdim edərək bildirib ki, hesabat ilində Şəki REM-də 6 yeni prioritet istiqamətdə, 11 mövzu üzrə 19 elmi-tədqiqat işi yerinə yetirilib, 25 mühüm nəticə əldə olunub.

İclasda təqdim olunan hesabatlar ətrafında akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, professor Rza Mahmudov, coğrafiya elmləri doktorları Zaur İmrani, Səid Səfərov, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Sadıx Nəbiyev və başqaları çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildiriblər.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki REM-in 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.