Cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol imzalanıb

16 Yanvar 2026 19:01 (UTC+04:00)

Yanvarın 16-da Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Nazir və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, sonra Zəfər parkına gedən qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, görüşdə Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıqdan danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növləri olan narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində saxlanıldığını, həmin sahələrdə səmərəli nəticələrin birgə səylərlə əldə edilməsinin mümkün olduğunu vurğulayıb.

Tərəfləri maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Belarusun daxili işlər naziri milis general-leytenantı İvan Kubrakov səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Sonra nazirlər qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar.