Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş olunub.
Sonra Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, 1990-cı ilin qanlı hadisələri xalqımızın iradəsini sındırmadı, əksinə, azadlıq əzmini daha da gücləndirdi və müstəqil dövlət quruculuğu yolunda dönüş nöqtəsi oldu.
"Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisəsindən dərhal sonra faciənin dünya ictimaiyyətinə çatdırılması və sovet rəhbərliyinin bu qanlı hərəkətinin kəskin pislənməsi üçün mühüm addımlar atdı. O, həmin vaxt həyatına təhlükə olmasına rəğmən, 1990-cı il yanvarın 21-də Moskva şəhərində Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu qətliamı “qanlı cinayət” kimi beynəlxalq mediada bəyan edərək xalqımızın haqq səsini dünyaya çatdırdı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildi", - deyə o əlavə edib.
Digər çıxışlarda da 20 Yanvar hadisələrinin Azərbaycan xalqının cəsarətinin, milli iradəsinin ən bariz nümunəsi olduğu bildirilib. 20 Yanvar faciəsinin Azərbaycan tarixində yalnız hüzn deyil, eyni zamanda, xalqımızın ləyaqət və qürur salnaməsi olduğu vurğulanıb. Qeyd olunub ki, həmin ağır günlərdə nümayiş olunan birlik və qətiyyət sonrakı illərdə dövlət müstəqilliyimizin bərpası və möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb.