Oturaq həyat tərzi – günün böyük hissəsinin hərəkətsiz şəkildə, əsasən oturaraq, yəni kompüter qarşısında, televizor izləyərək, avtomobildə və s. keçirilməsi müasir cəmiyyət üçün ciddi sağlamlıq problemidir. Texnologiyanın inkişafı bu həyat tərzini daha da yayğınlaşdırıb. Oturaq iş rejimi əsasən masa arxasında, kompüter qarşısında uzun müddət hərəkətsiz işləmək sağlamlığa həm qısamüddətli, həm də uzunmüddətli mənfi təsirlər göstərir.
Oturaq iş rejimi düzgün idarə olunmadıqda sağlamlıq üçün ciddi risklər yaradır. Aktiv həyat tərzi və düzgün iş vərdişləri bu mənfi təsirləri əhəmiyyətli dərəcədə azalda bilər. Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmli bildirib ki, uzunmüddətli oturaq həyat tərzinin ürək–damar sisteminə təsiri zamanı hipertoniya, ateroskleroz, tromboz riski yaradır. Bu da infarkta səbəb ola bilər. Metabolik təsirləri piylənmə, insulin rezistentliyi, şəkərə səbəb ola bilər. Əzələ–skelet sisteminə təsiri zamanı bel və boyun ağrıları, əzələ zəifliyi yaranır. Tənəffüs sistemində ağciyər ventilyasiyası azalır. Gün ərzində kompüter arxasında uzun müddət qalmağın gözlərə təsiri nəticəsində göz quruluğu, yanma hissi və görmənin müvəqqəti azalması olur. Sinir sisteminə təsiri zamanı Karpal tunel sindromu, ulnar sinir sıxılması, xroniki yorğunluq, stres və yuxu pozğunluğu müşahidə oluna bilər.

Oturaq rejimdə işləyənlərin sağlamlıqlarını qorumaq üçün iş yerində hər 60 dəqiqədən bir qalxıb hərəkət etmələri məsləhətdir. İş masası rahat, monitor göz səviyyəsində, biləklər neytral vəziyyətdə olmalıdır. Gün ərzində kifayət qədər maye qəbulu, balanslı qidalanma, siqaretdən imtina və normal yuxuya əməl etmək lazımdır.
Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov isə bildirib ki, oturaq həyat tərzi yalnız fiziki sağlamlığı deyil, sosial davranışı da zəiflədir. Ünsiyyət azalır, dialoqdan uzaqlaşma başlayır və zamanla sosiallaşma problemləri yaranır. Uzun müddət hərəkətsiz qalmaq bədənin ritmlərini ləngidir və bu təsir sinir sistemi vasitəsilə beyinə ötürülür. Diqqət zəifləyir, qərarvermə çətinləşir, motivasiya aşağı düşür və enerji tükənir. Günün sonunda “boş gün” hissi yaranır. Bu hiss davamlı təkrarlananda psixoloji yüklənməyə gətirib çıxara bilər. Hərəkətsizlik emosional elastikliyi azaldır, narahatlıq reaksiyalarını gücləndirir və depressiv simptomları stimullaşdıra bilər. Boyun və çiyin gərginliyi, bel və baş ağrıları yalnız somatik narahatlıq deyil. Onlar beynin emosional yükə verdiyi reaksiyanın bədənə ötürülmüş formasıdır. Bu proses uzun müddət davam etdikdə həyatın məna itkisinə və sosial çəkilməyə səbəb olur.

“Motivasiya “nə etməliyəm” deyil, “nəyə görə edirəm” sualının cavabından başlayır. Məna bərpa olunduqda enerji də bərpa olunur. Sinir sisteminin ritmini tənzimləmək üçün hər 60–90 dəqiqədən bir ayağa qalxmaq, qısa gəzinti etmək, su içmək və nəfəs məşqləri etmək kifayətdir. Qısa dialoq, qısa görüş və açıq hava emosional tonu yüksəldir və sosial funksiyanı aktiv saxlayır. Fiziki aktivlik emosional sabitliyin əsas şərtlərindən biridir. Uzun müddət nəticə görmədən davam edən fəaliyyətlər emosional sistemi zəiflədir. Kiçik nəticələri qeyd etmək dopamin dövrəsini tənzimləyir və fəaliyyətə təkan verir.
Ehtiyac yarandığı halda psixi sağlamlıq üzrə mütəxəssisə müraciət etmək zəiflik deyil. Bu addım həm fərdi funksionallığın, həm də sosial sağlamlığın qorunması üçün vacib mexanizmdir”, - deyə R.Nəcəfov bildirib.