"Real inkişaf əvəzinə nümayiş artır" - MÜNASİBƏT BİLDİRİLDİ

16 Yanvar 2026 15:00 (UTC+04:00)

"Ümumiyyətlə, sosial şəbəkələrdə insanlar reallıqdan daha pafoslu və nümayiş xarakterli şəkildə həyatlarını və gördükləri işi göstərməyə meyllidirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu, əslində, onların özünə güvənsizliyindən xəbər verir: "Belə yanaşmada həyat artıq real olmur; o, daha çox xəyallarda qurulan, başqalarının görmək istədiyi bir həyat modelinin nümayişinə çevrilir. İnsan özünü və gündəlik həyatını təqdim edərkən gerçəkliyi deyil, qurduğu obrazı ön plana çıxarır.

Bu cür davranış insanın şəxsi inkişafına mənfi təsir göstərir. Çünki, zamanla, insan etdiyi yalana özü də inanmağa başlayır. Real inkişaf üzərində çalışmaq əvəzinə o, daha çox şəkil çəkməyə, başqalarına nümayiş etməyə fokuslanır. Nəticədə daxili güvənsizlik, gərginlik və hətta aqressiya artır. İnsan özünü göstərmək üçün çox enerji sərf etdikcə, həqiqi bacarıqlarını və potensialını inkişaf etdirmək imkanlarını əldən verir.

Diqqət etsəniz, görərsiniz ki, bu tip insanlar real münasibətlərdə çox vaxt aqressiv, qapalı olurlar. Sadə və adi suallara belə müdafiə mövqeyindən yanaşırlar, çünki qarşı tərəfin həqiqəti görməsini istəmirlər. Onlar üçün əsas məqsəd yaratdıqları obrazı qorumaqdır, reallığı yox. Belə bir yanaşma isə uzun müddətdə həm sosial, həm də emosional baxımdan insanı izolyasiya edir, onun etibarlı münasibətlər qurmasını çətinləşdirir.

Nəticədə, sosial şəbəkələrdəki bu nümayişkaranə həyat tərzi, əksinə, insanın daxili dünyasını zəiflədir, özünə inamını sarsıdır və həqiqi inkişafın qarşısını alır. İnsan gerçəkliyə fokuslandıqca, öz potensialını kəşf etdikcə və başqalarının gözləntilərindən azad olduqca, həm şəxsi inkişaf, həm də daxili harmoniya üçün daha sağlam və davamlı bir yol tapa bilər".