"Azlıqlara qarşı zorakılıq Hindistanın sabitliyi və imicini zəiflədir" - ŞƏRH EDİLDİ

16 Yanvar 2026 15:06 (UTC+04:00)

"Hindistanda son illər müşahidə olunan sikhlərə və digər milli-dini azlıqlara qarşı artan irqçilik və zorakılıq halları ölkənin siyasi idarəetmə modeli və ideoloji istiqamətləri ilə birbaşa əlaqəlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu proseslərin kökündə dövlət siyasətində çoxmədəniyyətlilik prinsipinin zəifləməsi və majoritar – xüsusilə hindu millətçiliyinə əsaslanan yanaşmanın güclənməsi dayanır: "Bu yanaşma tarixi olaraq dünyəvi və plüralist əsaslar üzərində qurulmuş Hindistan dövlətçiliyi üçün ciddi transformasiya mərhələsi yaradır. Dövlət siyasətinin rolu burada yalnız birbaşa qərarlar və qanunvericilik aktları ilə məhdudlaşmır, eyni zamanda siyasi ritorika, hüquq-mühafizə orqanlarının davranışı və məhkəmə sisteminin selektiv yanaşması ilə də özünü göstərir. Milli-dini azlıqlara qarşı zorakılıq hallarında cəzasızlıq mühitinin formalaşması radikal qrupların daha da cəsarətlənməsinə şərait yaradır. Sikhlər, müsəlmanlar və xristian icmaları bu kontekstdə təkcə sosial diskriminasiya ilə deyil, həm də siyasi marginallaşma ilə üz-üzə qalırlar. Bu proseslər Hindistanın daxili sabitliyi üçün orta və uzunmüddətli perspektivdə ciddi risklər yaradır. Bir tərəfdən, etnik və dini qruplar arasında etimadın aşınması sosial parçalanmanı dərinləşdirir, digər tərəfdən isə federal struktur daxilində mərkəz–region münasibətlərini gərginləşdirir. Xüsusilə Pəncab kimi tarixi və siyasi baxımdan həssas bölgələrdə narazılıqların artması separatçı meyillərin yenidən gündəmə gəlməsi ehtimalını gücləndirir ki, bu da dövlət üçün əlavə təhlükəsizlik çağırışları yaradır.

Beynəlxalq müstəvidə isə bu tendensiyalar Hindistanın uzun illər formalaşdırdığı “ən böyük demokratiya” imicinə ciddi zərbə vurur. İnsan hüquqları təşkilatlarının hesabatları, Qərb dövlətlərinin tənqidi bəyanatları və beynəlxalq media məkanında artan mənfi narrativlər ölkənin yumşaq güc potensialını zəiflədir. Bu isə Hindistanın regional liderlik iddialarına, qlobal tərəfdaşlıqlarına və xarici investisiya mühitinə dolayı yolla mənfi təsir göstərir. Milli-dini azlıqlara qarşı irqçilik və zorakılıq halları yalnız sosial problem deyil, həm də dövlət idarəçiliyinin keyfiyyəti və siyasi legitimlik məsələsidir. Əgər rəsmi Dehli inklüziv siyasətə qayıtmaz, hüququn aliliyini bərpa etməz və azlıqların təhlükəsizliyini real şəkildə təmin etməzsə, bu proseslər həm daxili sabitliyi sarsıdacaq, həm də Hindistanın beynəlxalq sistemdəki mövqelərini tədricən zəiflədəcək".