“Sosial şəbəkələrdə naməlum səhifələrdə yayılan elanlar etibarlı hesab edilə bilməz” - EKSPERT DANIŞDI

16 Yanvar 2026 14:59 (UTC+04:00)

“Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından yayılan “2026-cı il üzrə 1 500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı elanlar vətəndaşlarda haqlı suallar və narahatlıq yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev bildirib.

Onun sözlərinə görə, bu məlumatların artması fonunda saxta elanların rəsmi məlumatlardan fərqləndirilməsi xüsusilə vacib məsələ kimi ön plana çıxır:

“İlk növbədə nəzərə almaq lazımdır ki, dövlət sosial yardımları yalnız rəsmi kanallar vasitəsilə elan olunur. “mygov” platforması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti qurumlar bütün məlumatları yalnız rəsmi internet saytlarında və təsdiqlənmiş sosial şəbəkə hesablarında paylaşır. Sosial şəbəkələrdə naməlum səhifələr və ya şəxsi profillər tərəfindən yayılan elanlar etibarlı mənbə hesab edilə bilməz.

Saxta elanların əsas əlamətlərindən biri vətəndaşdan şəxsi məlumatların tələb olunmasıdır. Şəxsiyyət vəsiqəsinin şəkli, bank kartı məlumatları, SMS-lə göndərilən kodlar və ya ödəniş tələb edən linklər açıq şəkildə dələduzluq riskindən xəbər verir. Dövlət qurumları heç bir halda sosial yardım üçün müraciət zamanı bu tip məlumatları açıq sosial platformalar üzərindən istəmir.

Digər mühüm məqam mətnin üslubu və təqdimat formasıdır. Rəsmi elanlarda hüquqi terminlər, dəqiq tarixlər və normativ sənədlərə istinadlar olur. Saxta elanlarda isə çox vaxt emosional çağırışlar, “son şans”, “təcili müraciət edin” kimi ifadələr, həmçinin qrammatik səhvlər diqqət çəkir. Bu, məlumatın qeyri-rəsmi və etibarsız olduğunu göstərən əsas göstəricilərdən biridir.

Vətəndaşlar belə hallarla qarşılaşdıqda məlumatı paylaşmaqdan çəkinməli və onu rəsmi mənbələrlə müqayisə etməlidir. Şübhəli elanlar barədə aidiyyəti dövlət qurumlarına və ya hüquq-mühafizə orqanlarına məlumat verilməsi həm şəxsi təhlükəsizliyin, həm də cəmiyyətin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Sosial şəbəkələrdə yayılan hər bir məlumatın rəsmi və doğru olması ehtimalı yoxdur. Rəqəmsal mühitdə vətəndaşların məlumatlı və diqqətli davranması, yalnız rəsmi dövlət platformalarına etibar etməsi saxta sosial yardım elanlarının yaratdığı risklərin qarşısının alınmasında əsas amil kimi çıxış edir”.