"Azadlıq ideyası hər zaman Azərbaycan tarixinin mərkəzində olub " - MUXTAR NAĞIYEV

16 Yanvar 2026 14:37 (UTC+04:00)

"Azərbaycanın müasir ictimai-siyasi tarixi, xüsusilə də 1990-cı illərin əvvəlləri xalqımız üçün ağır, eyni zamanda şərəfli bir mərhələ olub. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsinin və müstəqillik əzminin tarixi simvoluna çevrilib və bu hadisələr ictimai-siyasi yaddaşımızda silinməz iz buraxıb".

SİA məlumat verir ki, bu sözləri YAP Səbail rayon təşkilatın təşkilatçılığı ilə "20 Yanvar" hadisələrinə həsr olunan tədbirdə çıxışı zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib.

Onun sözlərinə görə, bu gün isə tamam fərqli bir dövrdə yaşayırıq: "Artıq Azərbaycan məğlubiyyətlə deyil, zəfərlə xatırlanan, süqutla deyil, dirçəlişlə assosiasiya olunan bir dövlətdir. Əminəm ki, hər birimiz razılaşarıq ki, Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində sınaqlardan keçsə də, nəticədə qalib xalq kimi formalaşıb. Bu, təsadüfi deyil – bu, milli iradənin, dövlətçilik ənənəsinin və mübarizə ruhunun nəticəsidir. 1990-cı illərdə meydana çıxan ictimai-siyasi hərəkatlar və partiyalar heç bir maddi təminat olmadan, böyük risklər bahasına azadlıq mübarizəsinə başladılar. Bu proses təkcə bir dövrün siyasi hadisəsi deyil, Azərbaycan xalqının əsrlər boyu daşıdığı azadlıq və müstəqillik arzusunun məntiqi davamı idi. XX əsrin sonunda bu arzu artıq real müstəqil dövlət formasını aldı.

Doğrudur, müstəqillik yolunda gözləntilər də, çətinliklər də az olmayıb. Müxtəlif dövrlərdə cəmiyyət böyük ümidlər bəsləyib, bəzən səbrlə, bəzən isə ağrılı şəkildə dəyişiklikləri gözləyib. Lakin statistik göstəricilər və real nəticələr bu gün ölkənin inkişaf yolunda olduğunu aydın şəkildə göstərir və bu nailiyyətlər təqdirəlayiqdir. Eyni zamanda, biz həyatın və cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq yeni mərhələyə qədəm qoymuşuq. Azadlıq ideyası hər zaman Azərbaycan tarixinin mərkəzində olub – istər müstəqilliyin elanında, istər onun qorunub saxlanılmasında, istərsə də elmi, mədəni və memarlıq irsimizdə. Bu dəyərlər akademik düşüncədə də, milli yaddaşda da yaşadılıb və bu gün də yaşamaqdadır".