Qırğız Parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib

16 Yanvar 2026 13:42 (UTC+04:00)

Qırğız Joqorku Keneşi Parlamentinin sədri Nurlanbek Turqunbek uulu yanvarın 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.

Bu barədə SİA-ya TÜRKPA-nın mətbuat xidmətindən məlumat verilib.

R.Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas fəaliyyətlər, beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də 2026-cı il üzrə prioritet istiqamətlər barədə məlumat verib. Bu çərçivədə TÜRKPA-nın beynəlxalq platformalarda tanınmasının artırılması istiqamətində atılan addımlar vurğulanıb.

Görüşdə Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzvlüyü prosesində əldə olunan əhəmiyyətli irəliləyişlər, Macarıstanla əməkdaşlığın inkişafı və Avropa institutları ilə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin yaxın dövrdə TÜRKPA çərçivəsində planlaşdırılan tədbirlər və üzv ölkələrin parlament sədrlərinin Parlamentlərarası İttifaqın (PAİ) Türkiyənin İstanbul şəhərində keçiriləcək 152-ci Assambleyası çərçivəsində planlaşdırılan qeyri-rəsmi görüşlərinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda TÜRKPA-nın Qırğızıstanda baş tutacaq növbəti 15-ci Plenar iclası istiqamətində hazırlıqların uğurla davam etdiyi vurğulanıb.