"Texnologiyalaşma kənd təsərrüfatının əsas çıxış yoludur" - İQTİSADÇI DANIŞDI

16 Yanvar 2026 11:35 (UTC+04:00)

"Kənd təsərrüfatının modernləşməsi və texnologiyalaşdırılmasının iqtisadi səmərəliliyi ilk növbədə işsizlik probleminin azaldılması, meqapolisləşmənin qarşısının alınması və ərzaq məhsullarının qiymətlərinin sabitləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, bu sahənin inkişafı regionların iqtisadi aktivliyini artırmaqla əhalinin paytaxta və iri şəhərlərə axınının qarşısını ala bilər: "Müasir texnologiyaların tətbiqi məhsuldarlığı yüksəldir, istehsal prosesini daha səmərəli edir və kənd təsərrüfatını gəlirli sahəyə çevirir.

Ölkəmizdə kənd təsərrüfatı sahəsində mövcud olan problemlər, başqa sözlə desək, innovativ inkişafın yetərli səviyyədə olmaması Bakının artıq meqapolisləşməsinə səbəb olub. Kütləvi daxili köçlər nəticəsində daxili istehsal yerli tələbatı tam ödəyə bilmir və bazar əsasən idxal məhsulları hesabına formalaşır. Bu vəziyyət qiymət artımına yol açmaqla yanaşı, yerli sahibkarlığın zəifləməsinə gətirib çıxarır. Eyni zamanda, tərkibi və istehsal prosesi tam məlum olmayan idxal məhsullarının geniş yayılması təbii və sağlam qidalanma imkanlarını da məhdudlaşdırır

Kənd təsərrüfatında modernləşmə və texnoloji inkişaf həyata keçirildiyi təqdirdə regionlarda iş yerləri yaranar, məhsulun maya dəyəri azalaraq daha əlçatan olar və daxili tələbat əsasən yerli istehsal hesabına ödənilər. Bununla yanaşı, xarici bazarlar üçün də rəqabətqabiliyyətli məhsulların istehsalı mümkün olar. İqtisadiyyat zəncirvari sistem olduğuna görə onun hər hansı bir sahəsindəki gerilik digər sahələrə də birbaşa təsir göstərir. Bu baxımdan istər kənd təsərrüfatında, istərsə də digər sahələrdə modernləşmə həm həmin sahədə çalışan vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsinə, həm də ümumi iqtisadi səmərəliliyin artmasına ciddi töhfə verir".