“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ

15 Yanvar 2026 22:04 (UTC+04:00)

Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından “2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı elanlar yayılıb. SİA xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

“Bildiririk ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Sözügedən paylaşımların “mygov” platforması ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.

Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız “mygov”un rəsmi kanallarını izləməyə çağırırıq”, - deyə İRİA-nın məlumatında qeyd olunub.

Mətləb