DOST Agentliyi ISO sertifikatlarına layiq görülüb

16 Yanvar 2026 00:27 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi üç istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb. Bu barədə SİA-ya agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, agentlik Böyük Britaniyanın "GCL International" sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi), həmçinin Türkiyənin "MSC" sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 37001:2025 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri uğurla keçib.

Proseslərə hazırlıq və standartların tətbiq edilməsinə agentliyin müxtəlif struktur bölmələrinin işçi heyəti cəlb edilib. Standartlar agentlikdə İnteqrəedilmiş Menecment Sistemi olaraq tətbiq olunub. Həmin istiqamətlər üzrə keçirilən audit zamanı agentliyin fəaliyyətində heç bir uyğunsuzluq aşkarlanmadığına görə beynəlxalq sertifikatlara layiq görülüb. "GCL International" idarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma sahəsində ixtisaslaşmış beynəlxalq qurumdur və təqdim etdiyi sertifikatlar Böyük Britaniyanın rəsmi akkreditasiya orqanı olan "UKAS" tərəfindən təsdiq olunur.

ISO sertifikatları 2028-ci ilin sonunadək etibarlı hesab edilir. Həmin standartların tətbiqi DOST Agentliyi və “DOST” mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək.

Mətləb