...ABŞ Rusiyaya qarşı yeni sanksiyalar alətini müzakirə edir və tərəfdarlarının fikrincə, bu, Moskvaya təzyiqi artıra eləcə də Ukrayna danışıqlarında güc balansını dəyişdirə bilər.
SİA xəbər verir ki, The Wall Street Journal qəzetinin məlumatına görə, sözügedən qanun layihəsi Rusiya neftini alan ölkələrə 500 faizə qədər tarif tətbiq etməyə imkan verəcək.
Respublikaçı senator Lindsi Qremin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp artıq Senatda 80-dən çox həmmüəllifinin olduğu bu qanun layihəsinə yaşıl işıq yandırıb. Çin və Hindistan Rusiya neftinin əsas alıcıları olaraq qalır, baxmayaraq ki, Nyu-Dehli son zamanlar alternativ mənbələr axtarır. Qanun layihəsi prezidentə tariflərin tətbiqində çeviklik verir və beynəlxalq danışıqlarda əlavə təsir gücü kimi qəbul edilir.
Ukrayna şəhərlərinin davam edən atəşə tutulması və Putinin atəşkəs də daxil olmaqla güzəştlərdən imtina etməsi fonunda təşəbbüsün tərəfdarları iqtisadi təzyiqin gücləndirilməli olduğuna inanırlar.
Bu arada, Tramp administrasiyası sanksiyalı neft daşıyan sözdə "kölgə donanması"na qarşı səylərini artırıb; ABŞ, Rusiya bayrağı altında olsa belə, tankerləri saxlamağa başlayıb.
Təşəbbüs müəlliflərinin fikrincə, bu addımlar təkcə Rusiyaya deyil, həm də müttəfiqləri İran və Venesuelaya zərbə vuraraq Vaşinqtonun mövqeyini gücləndirib.
Lakin Ağ Evin dəstəyinə və ikipartiyalı konsensusa baxmayaraq, qanun layihəsi hazırda büdcənin qəbul edilməsinə yönəlmiş Konqresdə ləngiyir. İdeya müəllifləri xəbərdarlıq edirlər ki, ABŞ anı ələ keçirməlidir.
Onlar Rusiya, Çin, İran, Şimali Koreya, Venesuela və Kubanı Qərbin vahid rəqib bloku kimi görürlər və neft müharibələrin və hərbi proqramların maliyyələşdirilməsində əsas rol oynayır.
Onların fikrincə, sanksiyalar qanununun qəbul edilməsi prezidentə Moskvaya və onun tərəfdaşlarına təzyiq göstərmək üçün əlavə vasitələr verəcək.
Əli Babayev