Avstraliyanın “eSafety” internet tənzimləyici qurumunun məlumatına görə, yaşı 16-dan az olan istifadəçilər üçün sosial şəbəkələrdən istifadəyə qadağa haqqında qərarın qüvvəyə minməsindən cəmi bir ay sonra platformalar avstraliyalı yeniyetmələrə məxsus təxminən 5 milyon hesabı bloklayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bəzi platformalar son tarixə bir neçə həftə qalmış müvafiq hesabların bağlanmasına başlayacaqlarını bəyan etmişdilər.
Hökumətin tələblərə əməl olunması ilə bağlı ilk məlumatları göstərir ki, platformalar qanunun icrası üçün mühüm addımlar atır. Qeyd olunub ki, bu qanuna əməl edilməməsinə görə 49 milyon 500 min Avstraliya dollarına (33 milyon ABŞ dolları) qədər cərimələr tətbiq oluna bilər, lakin məsuliyyət uşaqların və ya onların valideynlərinin üzərinə qoyulmur.
“Meta” şirkəti “Instagram”, “Facebook” və “Threads” platformalarından yetkinlik yaşına çatmayanlara məxsus təxminən 550 min hesabın silindiyini açıqlayıb. Minimum istifadəçi yaşı ilə bağlı tənzimləmə, həmçinin “Google”un “YouTube” platformasına, “TikTok”, “Snapchat” və “X” sosial şəbəkələrinə də şamil olunur.
Elektron təhlükəsizlik üzrə komissar Culi İnman Qrantın sözlərinə görə, yetkinlik yaşına çatmayanlara məxsus bəzi hesablar hələ də aktiv qalır və bu səbəbdən qadağaya tam əməl olunması barədə danışmaq hələ tezdir. Qadağanın ilkin mərhələdə tətbiq olunduğu bütün şirkətlər ona riayət edəcəklərini bildiriblər.
Psixi sağlamlıq sahəsində mütəxəssislərin iştirakı ilə aparılacaq tədqiqat qadağanın uzunmüddətli nəticələrini bir neçə il ərzində izləyəcək.