“İnsan orqanizmində baş verən patoloji proseslər və müxtəlif xəstəliklər zamanı müvafiq ixtisas üzrə həkimə müraciət edilməsi zəruridir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Abbas Bağırov deyib.
Onun sözlərinə görə, həkim ilkin müayinə aparır, xəstənin şikayətlərini dinləyir, lazım gəldikdə laborator və instrumental müayinələr təyin edir:
”Aparılan müayinələrin nəticələrinə əsasən xəstəliyin yaranma səbəbi, inkişaf mərhələsi və orqanizmə təsiri hərtərəfli şəkildə təhlil olunur. Dəqiq diaqnoz qoyulduqdan sonra isə bədənə mümkün qədər az mənfi təsir göstərən, eyni zamanda yüksək effektivliyə malik dərman vasitəsi seçilir və müvafiq resept yazılır.
Həkimin təyin etdiyi müalicə sxeminə özbaşına müdaxilə etmək, dərmanın dozasını artırmaq və ya azaltmaq, yaxud onu başqa preparatla əvəz etmək yolverilməzdir. Çünki hər bir dərman vasitəsi fərdi xüsusiyyətlər, yanaşı xəstəliklər və digər qəbul edilən preparatlar nəzərə alınmaqla təyin olunur. Həkim tərəfindən yazılan reseptə uyğun olaraq dərmanlar yalnız etibarlı və rəsmi apteklərdən alınmalı, göstərilən qaydalara əsasən və tövsiyə olunan müddət ərzində qəbul edilməlidir.
Son dövrlərdə internet üzərindən dərman sifarişi halları artmaqdadır. Təəssüf ki, bu platformalarda tez-tez dövlət reyestrində qeydiyyatdan keçməyən, mənşəyi və tərkibi bəlli olmayan, keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməyən dərmanlar satışa çıxarılır. Belə preparatların istifadəsi ciddi sağlamlıq problemlərinə, allergik reaksiyalara, zəhərlənmələrə, xəstəliyin ağırlaşmasına və hətta həyati təhlükəyə səbəb ola bilər. Bundan əlavə, saxta və ya düzgün saxlanılmayan dərmanlar müalicə effektini göstərmədiyi üçün xəstəliyin vaxtında sağalmasının qarşısını alır.
Bu səbəbdən internetdən, xüsusilə də etibarsız mənbələrdən dərman sifariş etmək ciddi risk daşıyır. Sağlamlığın qorunması üçün yalnız həkim məsləhətinə əsaslanmaq, rəsmi qeydiyyatdan keçmiş dərman vasitələrindən istifadə etmək və şübhəli təkliflərdən uzaq durmaq vacibdir. Unutmaq olmaz ki, sağlamlıq eksperiment üçün deyil və düzgün olmayan bir seçim geri dönməz fəsadlara yol aça bilər”.