“İranda baş verən etiraz aksiyaları və hökumətin bu proseslərə cavab olaraq atdığı sərt addımlar regionda ciddi narahatlıq doğurur. Göründüyü kimi, qarşıdurmalar zamanı ölənlərin olması vəziyyətin nə qədər gərgin və təhlükəli olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hadisələrin gedişi onu deməyə əsas verir ki, mövcud proseslər tədricən daha dərin böhran mərhələsinə keçə bilər:
”Sosial, siyasi və iqtisadi amillərin bir-birini gücləndirməsi isə vəziyyətin qısa müddətdə sabitləşməsini çətinləşdirir.
İran Azərbaycana qonşu dövlətdir və bu ölkədə baş verən istənilən hadisə təbii olaraq Azərbaycan tərəfindən diqqətlə izlənilir. Regionda sabitliyin pozulması yalnız İran üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq üçün risklər yarada bilər. Xüsusilə sərhədyanı təhlükəsizlik, miqrasiya prosesləri və iqtisadi əlaqələr baxımından İran daxilindəki gərginliklərin mümkün təsirləri nəzərə alınmalıdır.
Eyni zamanda, İranda yaşayan on minlərlə soydaşımızın taleyi xüsusi həssaslıqla izlənilir. Onların hüquq və təhlükəsizliyinin təmin olunması, dinc şəkildə yaşamaq və öz milli-mədəni kimliklərini qorumaq imkanlarının saxlanılması son dərəcə vacibdir. Bu baxımdan, qarşıdurmaların daha da dərinləşməsi, zorakılığın artması soydaşlarımız üçün də əlavə risklər yarada bilər.
Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini indidən dəqiq proqnozlaşdırmaq çətindir. Azərbaycan isə daim İranla qarşılıqlı etimada əsaslanan münasibətlərin tərəfdarı olub. Rəsmi Bakı bu gün də İrana qarşı konstruktiv və balanslı siyasət yürüdür. Azərbaycanın mövqeyi neytrallıq prinsipinə söykənir, İranın daxili işlərinə qarışmır və problemlərin sülh yolu ilə həllini dəstəkləyir. Bu yanaşma həm regional sabitliyin qorunmasına, həm də iki ölkə arasında mövcud olan tarixi, mədəni və qonşuluq əlaqələrinin saxlanılmasına xidmət edir”.