"Tarixi baxımdan ABŞ-ın yanaşması Monroe doktrinası ilə başlayıb" - ŞƏRH EDİLDİ

15 Yanvar 2026 17:07 (UTC+04:00)

"Azərbaycanın münasibətləri dövlətin fəaliyyəti ilə bağlı çox şeydən asılıdır. Regionda tərəfdaşların birləşdiyini və koordinasiya etdiyini bilmək vacibdir. Bayden administrasiyası dövründə bölgənin durumu fərqli idi; yəni yeni administrasiya gəldikdən sonra Tramp dövründəki region siyasətindən müəyyən fərqliliklər müşahidə olunur. Avropada, Şərqi Avropada və Yaxın Şərqdə də region münasibətləri dəyişib. Bu baxışların hamısı sistemli şəkildə formalaşdırılıb". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə əsas məsələlərdən biri “yumşaq güc” tətbiq etməklə problemləri həll etmək olub: “Yumşaq güc” dedikdə yardım və diplomatik vasitələr nəzərdə tutulur, lakin lazım gəldikdə sərt güc də istifadə olunur. Yaxın Şərqdə İsrail hərəkətə keçəndə qan tökülüb və ciddi qırğınlar baş verib. Lakin Birləşmiş Ştatlar sülh prosesindən kənara çıxmayan tərəf kimi çıxış edir və dövlət səviyyəsində sülhə çalışır. Dünya mütəxəssisləri də bu istiqamətdə sülhün təmin edilməsinə çalışırlar. Məsələn, Cənubi Qafqazda Azərbaycanın münasibətlərində də sülhə doğru ciddi addımlar atılıb. Trump dövründə 8 avqustda Vaşinqtonda keçirilən 3 tərəfli görüşündə bir çox məsələlər həll olunub, sənədlər imzalanıb və sülhə doğru addım atılıb. Bu, göstərir ki, ABŞ həm sülhpərvər mövqedədir, həm də lazım gəldikdə güc tətbiq edir. İranla bağlı məsələlərdə hələlik yumşaq güc tətbiq olunur, amma gələcəkdə daha sərt addımların atılması mümkündür. Əsas məqsəd ABŞ-ın münasibətlərdə balans yaratmasıdır. Rusiya ilə münasibətlərdə isə sərt qarşıdurma müşahidə olunur. ABŞ, Rusiya və Ukrayna arasındakı qarşıdurmanın həllinə çalışır. Bəzən deyilir ki, bu qarşıdurma Amerikanın güclənməsinə səbəb olub, lakin əslində məqsəd Rusiyanı güc faktorundan çəkindirməkdir. Yumşaq yanaşma və təzyiq vasitəsilə Rusiyanı mövqeyindən geri çəkindirmək və dünyadakı münasibətləri yeni model əsasında formalaşdırmaq çalışılır.

Eyni zamanda ABŞ İrana qarşı siyasət yürüdür. İranda sərt qarşıdurma mövcuddur; rejim mövqeyini hər vasitə ilə saxlamağa çalışır. ABŞ bu çərçivədə əməkdaşlıq imkanları təklif edir və güc tətbiq etmədən etiraz edənlərlə dialoq axtarır. Lakin əgər bu yanaşma davam etməzsə, sərt addımların atılması mümkündür. Məqsəd güc tətbiq etməklə İranı güzəştə məcbur etməkdir, çünki hakimiyyət etirazçıların fikirlərini nəzərə almır və nəticədə minlərlə insan həyatını itirir.

Azərbaycan üçün də regiondakı bu proseslərdən nəticə çıxarmaq vacibdir. Trump dövründə bu regionlarda, həmçinin Avropa və Amerikada siyasət yenidən formalaşdırılıb. Tarixi baxımdan ABŞ-ın yanaşması Monroe doktrinası ilə başlayıb. XIX əsrin əvvəllərində qəbul edilən Monroe doktrinası ABŞ-ın öz problemlərini özü həll etməsini nəzərdə tuturdu. O dövrdə İspaniya, Portuqaliya və digər Avropa dövlətləri Latın Amerikasında təsir dairəsi qurmağa çalışırdılar. Birinci və ikinci dünya müharibəsindən sonra ABŞ, əsasən SSRİ-nin təsirindən kənarda qalmaq üçün addımlar atdı. SSRİ isə Kuba, Nikaraqua və Venesuela kimi ölkələrdə ideoloji mövqeyini gücləndirməyə çalışırdı. ABŞ üçün bu həm qonşuluqda geri çəkilmə, həm də digər regionlarda güclənmə siyasəti ilə nəticələndi. Beləliklə, ABŞ-ın regional yanaşmasının mahiyyəti müəyyənləşdi.