“20 yanvar hadisəsi xalqımızın azadlıq iradəsinin parlaq təcəssümüdür” - ŞƏRH EDİLDİ

15 Yanvar 2026 16:26 (UTC+04:00)

“20 Yanvar hadisəsi müstəqillik tariximizin təkcə faciəvi səhifəsi deyil, eyni zamanda xalqımızın şərəf və ləyaqətinin, milli mənliyinin və azadlıq iradəsinin parlaq təcəssümüdür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, həmin gecə sovet imperiyasının ağır hərbi texnikası qarşısında əliyalın şəkildə küçələrə çıxan insanlar öz canları bahasına Azərbaycanın müstəqilliyinə, azad gələcəyinə nə qədər sarsılmaz şəkildə bağlı olduqlarını bütün dünyaya nümayiş etdirdilər:

“Bu hadisə göstərdi ki, 70 illik sovet rejiminin ideoloji təzyiqlərinə, milli kimliyi unutdurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı öz milli dəyərlərini, mənəvi amallarını, dilini, tarixini və azadlıq arzusunu qoruyub saxlamışdır.

20 Yanvar faciəsi eyni zamanda xalqımızın milli ruhunun yeni bir yüksəliş mərhələsinin başlanğıcı oldu. Bu qanlı hadisə cəmiyyətdə qorxu deyil, əksinə, azadlıq uğrunda birləşmə, milli həmrəylik və mübarizə əzmini daha da gücləndirdi. Şəhidlərin axıdılan qanı müstəqillik yolunda geri dönüşü olmayan bir mərhələnin əsasını qoydu və Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq iradəsini daha da möhkəmləndirdi.

20 Yanvardan qaynaqlanan milli ruh yüksəkliyi sonrakı illərdə də özünü aydın şəkildə göstərdi. Birinci Qarabağ müharibəsində Azərbaycan xalqı ağır sınaqlarla üzləşdi və 20 mindən artıq şəhid verdi. Bu itkilər xalqımız üçün böyük bir ağrı olsa da, azadlıq və ərazi bütövlüyü ideyasına olan inamı sarsıda bilmədi. Əksinə, bu şəhidlər gələcək qələbələrin mənəvi təməlini yaratdı.

İkinci Qarabağ müharibəsində isə 20 Yanvar şəhidlərinin və Birinci Qarabağ müharibəsində canını fəda etmiş qəhrəmanların ruhu sanki xalqımıza və ordumuza güc verdi. Milli birlik, güclü dövlətçilik iradəsi və ordu–xalq həmrəyliyi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bununla da sübut olundu ki, 20 Yanvarda başlanan azadlıq mübarizəsi tarixi bir yol keçərək qələbə ilə nəticələndi.

Bu baxımdan 20 Yanvar təkcə matəm günü deyil, həm də milli qürur, müqavimət və müstəqillik dərsidir. Həmin gün şəhid olanların xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə azadlığın hansı bədəllər bahasına qazanıldığını xatırladacaq”.