"Bu, reallıqdır ki, bu gün bütün dünya səviyyəsində su qlobal bir problemə çevrilməkdədir və su ehtiyatları dünya miqyasında getdikcə azalır. İqlim dəyişiklikləri, əhalinin sürətli artımı, sənayeləşmə və təbii resurslardan qeyri-səmərəli istifadə su qıtlığını daha da dərinləşdirir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
_(1).jpg)
Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanda su ehtiyatlarının artırılması ilə bağlı qərarların verilməsi və bu istiqamətdə ardıcıl işlərin aparılması son dərəcə vacibdir və təbii ki, uzunmüddətli perspektivdə səmərəli nəticələr verəcək: "Bu tədbirlər həm bölgələrdə, həm də iri şəhərlərdə su təminatının yaxşılaşdırılmasına, mövcud ehtiyatların zənginləşdirilməsinə xidmət edir. Eyni zamanda, suyun davamlı və planlı şəkildə idarə olunması kənd təsərrüfatı məhsullarının istehsal həcminin və məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir və effektiv suvarma sistemlərinin qurulması, su itkilərinin minimuma endirilməsi qısa müddətdə torpaqlardan daha yüksək məhsul əldə etməyə imkan yaradacaq. Bu isə aqrar sektorun inkişafını sürətləndirəcək, fermerlərin gəlirlərini artıracaq və kənd yerlərində sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə müsbət təsir göstərəcək.
Digər tərəfdən, aqrar sektorun güclənməsi daxili bazarın ərzaq məhsulları ilə təminatında asılılığın azalmasına, yerli istehsalın payının artmasına şərait yaradacaq. Bu proses idxaldan asılılığın azalması ilə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Su ehtiyatlarının düzgün yönləndirilməsi və kənd təsərrüfatına effektiv şəkildə cəlb olunması iqtisadiyyatın digər sahələrinə də dolayı təsir göstərərək ümumi inkişaf tempini yüksəldəcək.
Ona görə də sudan biz cəmiyyət olaraq, həmçinin hər bir vətəndaş olaraq maksimum məsuliyyətlə istifadə etməliyik. Gündəlik məişətdə suya qənaət etmək, israfçılıqdan çəkinmək və mövcud ehtiyatların qorunmasına töhfə vermək ümumi məqsədlərimizdən biri olmalıdır. Dövlət tərəfindən bu sahədə həyata keçirilən layihələrə və görülən tədbirlərə ictimai dəstəyin gücləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Gələcəkdə su ilə bağlı bu kimi addımların daha da genişləndirilməsi və sistemli şəkildə davam etdirilməsi vacibdir. Çünki su ehtiyatlarını nə qədər artırsaq, onları nə qədər səmərəli idarə etsək və iqtisadiyyatın, xüsusilə də kənd təsərrüfatının inkişafına düzgün istiqamətləndirsək, bir o qədər dayanıqlı və faydalı nəticələr əldə olunacaq. Bu, həm bugünkü nəsil, həm də gələcək nəsillər üçün etibarlı su təminatının formalaşdırılmasına xidmət edəcək".