“Bu gün dünyanın demək olar ki, bütün ölkələrində su ehtiyatlarının azalması və suya çıxış imkanlarının məhdudlaşması ciddi qlobal problemə çevrilmişdir. Bunun əsas səbəblərindən biri iqlim dəyişiklikləridir. Qlobal istiləşmə, yağıntıların qeyri-bərabər paylanması, quraqlıqların artması və su ehtiyatlarından səmərəsiz istifadə bir çox regionlarda, o cümlədən Cənubi Qafqazda su təhlükəsizliyini strateji məsələ səviyyəsinə yüksəltmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
Onun sözlərinə görə, belə bir şəraitdə su ehtiyatlarının qorunması, idarə olunması və əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdəndir:
“Ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərilməsi isə dövlətimizin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin modernləşdirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu diqqətin bariz nümunələrindən biri Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədir. Həmin müşavirədə cənab Prezident tərəfindən konkret tapşırıqlar və strateji vəzifələr müəyyənləşdirilmiş, problemin həlli üçün kompleks yanaşmanın vacibliyi xüsusi vurğulanmışdır.
Dövlət başçısı Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında su təchizatı sisteminin tamamilə yenidən qurulmasını əsas vəzifə kimi qarşıya qoymuşdur. Bu isə təkcə mövcud infrastrukturun yenilənməsi deyil, eyni zamanda uzunmüddətli perspektivdə əhalinin artımını, şəhərsalma proseslərini, sənaye və xidmət sahələrinin inkişafını nəzərə alan müasir və dayanıqlı sistemin yaradılması deməkdir. Məhz bu baxımdan su təchizatı məsələsi ölkənin sosial-iqtisadi inkişafı ilə birbaşa əlaqəlidir və bütün sahələrdə istehsalın davamlılığı üçün mühüm əhəmiyyət daşıyır.
Son illərdə ölkəmizdə su təchizatı sahəsində genişmiqyaslı layihələr həyata keçirilmiş, yeni su mənbələri yaradılmış, mövcud şəbəkələr bərpa və modernləşdirilmişdir. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə bir neçə su anbarının tikilməsi və istifadəyə verilməsi bu sahədə əldə olunan mühüm nailiyyətlərdəndir. Həmin su anbarları kənd təsərrüfatının inkişafına, əkin sahələrinin suvarılmasına, əhalinin içməli su ilə təminatına böyük töhfə verir. Bu da regionların dirçəldilməsinə və məcburi köçkünlərin doğma yurdlarına qayıdışına əlverişli şərait yaradır.
Əgər işğal dövrünə qədər həmin ərazilərdə su təchizatı ilə bağlı ciddi problemlər mövcud idisə, bu gün artıq yeni və keyfiyyətcə fərqli bir mərhələ başlanmışdır. Aparılan quruculuq işləri göstərir ki, dövlətimiz azad edilmiş torpaqlarda həyatın bütün sahələrinin, o cümlədən su təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasını prioritet hesab edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə və verilən tapşırıqlar bir daha sübut edir ki, Azərbaycan vətəndaşının rifahı, təhlükəsizliyi və sağlam yaşayış şəraiti dövlət siyasətinin əsasını təşkil edir. Su təchizatı sahəsində həyata keçirilən islahatlar və nəzərdə tutulan proqramlar isə ölkəmizin dayanıqlı inkişafına, ekoloji tarazlığın qorunmasına və gələcək nəsillərin maraqlarının təmin olunmasına xidmət edir”.