“ABŞ geri çəkildikcə Avropanın təhlükəsizlik arxitekturası daxili ziddiyyətlərə açıq olur” - ŞƏRH OLUNDU

15 Yanvar 2026 15:59 (UTC+04:00)

“ABŞ-ın bəzi beynəlxalq təşkilatlardan çıxması və qlobal öhdəliklərini azaltdığını göstərən addımlar atması uzun müddət Vaşinqtonun yaratdığı liberal beynəlxalq nizamın dayaqlarını zəiflədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, bu proses xüsusilə NATO daxilində parçalanma görüntülərinin yaranmasına səbəb olur, çünki alyansın struktur dayaqları əsasən ABŞ-ın siyasi iradəsi, maliyyə yükü və hərbi üstünlüyü üzərində qurulub:
”ABŞ geri çəkildikcə Avropanın təhlükəsizlik arxitekturası daha çox daxili ziddiyyətlərə açıq olur: Almaniya və Fransa strateji muxtariyyət ideyasını gücləndirir, Şərqi Avropa ölkələri isə Vaşinqtona alternativ görmədiyi üçün narahatlıq keçirir.

Beləliklə, ABŞ-ın beynəlxalq sistemdə apardığı yenidənqurma siyasəti güc mərkəzlərinin çoxalmasına və Qərbin vahid qərarvermə mexanizminin zəifləməsinə gətirib çıxarır.

Bu dinamika beynəlxalq münasibətlərdə daha fragmentar və rəqabətli bir mərhələni dərinləşdirə bilər. NATO daxilində yükün bölüşdürülməsi, təhlükəsizlik təminatına dair şübhələr və hərbi resursların çatışmazlığı kollektiv müdafiə mexanizmini risk altına salır.

Eyni zamanda ABŞ-ın geri çəkilməsi digər aktorlar , Çin, Rusiya, Hindistan, regional güclər , üçün strateji boşluqlar yaradır və bu boşluqlar rəqabət zonasına çevrilə bilər. Nəticədə qlobal sistem daha çox çoxqütblü, daha az proqnozlaşdırıla bilən və güc balansının tez-tez dəyişdiyi bir mühitə yönəlir ki, bu da həm təhlükəsizlik, həm də iqtisadi-siyasi sabitlik baxımından yeni qeyri-müəyyənliklər doğurur”.