Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə fəaliyyətinin yekunlarına və 2026-cı il üçün prioritet istiqamətlərinə həsr olunmuş mətbuat konfransında Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev çıxış etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
SİA xəbər verir ki, mətbuat konfransında sosial təminat sistemi ilə bağlı ictimai maraq doğuran əsas məsələlərə aydınlıq gətirilib.
Pensiya kapitalının vaxtından əvvəl əldə olunması ilə bağlı sualı cavablandıran Zəka Mirzəyev bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən pensiya kapitalı şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitdir və bu vəsait məcburi dövlət sosial sığorta haqları hesabına formalaşır. Onun sözlərinə görə, beynəlxalq təcrübədə də məcburi dövlət sosial sığorta sistemi çərçivəsində toplanmış pensiya kapitalının pensiya yaşına çatmadan əvvəl əldə edilməsi praktikası mövcud deyil. Bu yanaşma pensiya sisteminin maliyyə dayanıqlığının qorunmasına xidmət edir.
DSMF sədri eyni zamanda pensiya yaşının azaldılması ilə bağlı mətbuatda yayılan məlumatlara da münasibət bildirib. Zəka Mirzəyev qeyd edib ki, bu mövzuda müxtəlif iddialar səsləndirilsə də, 2026-cı il üçün nəzərdə tutulan hüquqi islahatlar çərçivəsində pensiya yaşının dəyişdirilməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, hazırkı pensiya yaşı parametrləri qüvvədə saxlanılır və sosial təminat sahəsində aparılan islahatlar daha çox sistemin səmərəliliyinin və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.