"Təhlükə ətin miqdarından asılıdır" - EKSPERT DANIŞDI

15 Yanvar 2026 15:10 (UTC+04:00)

"Ət məhsullarının həddindən artıq istifadəsi uzunmüddətli sağlamlıq riskləri yarada bilər. Lakin bu risklər əsasən ətin növündən, hazırlanma üsulundan və qəbul edilən miqdardan asılıdır". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə,əvvəla, qırmızı ətin (mal, qoyun) və xüsusilə emal olunmuş ət məhsullarının (kolbasa, sosis, hisə verilmiş məhsullar) çox istifadəsi ürək-damar xəstəlikləri riskini artıra bilər: "Bunun səbəbi bu məhsullarda doymuş yağların, duzun və konservantların yüksək olmasıdır. Uzun müddət yüksək miqdarda qəbul edildikdə xolesterinin artması və damar sərtliyi yarana bilər.

İkinci mühüm məsələ bağırsaq sağlamlığı ilə bağlıdır. Araşdırmalar göstərir ki, emal olunmuş ətlərin (kolbasa, sosiska) tez-tez istifadəsi yoğun bağırsaq xərçəngi riskini artıra bilər. Bu risk əsasən gündəlik və yüksək miqdarda istifadə zamanı ortaya çıxır.

Digər tərəfdən, ətin həddindən artıq qəbulu böyrəklərə əlavə yük yarada bilər və xüsusilə böyrək problemi olan insanlarda vəziyyəti ağırlaşdıra bilər. Eyni zamanda lif baxımından kasıb qidalanmaya səbəb olaraq qəbizlik və həzm problemləri yarada bilər. Bununla belə, ət tamamilə zərərli qida hesab edilmir. Normal miqdarda və balanslı şəkildə istifadə edildikdə ət yüksək keyfiyyətli, əvəzolunmaz zülal, dəmir, B12 vitamini və sink kimi vacib maddələrin mühüm mənbəyidir. Ən sağlam yanaşma qırmızı ətin miqdarını azaltmaq, toyuq, balıq və bitki mənşəli zülallarla qidalanmanı balanslaşdırmaqdır.
Yekun olaraq, problem ətin özü deyil, onun ifrat və balanssız istifadəsidir. Ölçülü, müxtəlif və düzgün hazırlanmış qidalanma uzunmüddətli sağlamlığın əsas şərtidir".