"Bu layihə mini futbolun inkişafına töhvə verəcək" - XƏTAİ BAĞIROV

15 Yanvar 2026 15:05 (UTC+04:00)

"Təxminən bir ay əvvəl mənimlə turnirlə bağlı əlaqə saxlamışdılar. Turnirdə dünya çempionu olmuş futbolçulardan iki nəfərin də iştirak etməsi nəzərdə tutulurdu. Təmkinə və mənə dəvət göndərildi. Turnir başladı, mən getdim, amma Təmkin zədələndiyi üçün oyunlara qoşula bilmədi. Qismət elə gətirdi ki, finala çıxdıq. Finaldan bir gün əvvəl Təmkin sağaldı və bizə kömək etdi". Bu sözləri SİA-ya açıqlamasında Minifutbol üzrə milli komandamızın üzvü, dünya çempionu Xətai Bağırov deyib.

Onun sözlərinə görə, Təmkinin və digər komanda yoldaşlarının dəstəyi sayəsində turnir çox yüksək səviyyədə keçib. Mənim fikrimcə, bu, indiyə qədər iştirak etdiyim ən yadda qalan turnirim oldu. Hər bir oyunçuya verilən hörmət və diqqət, turnirin təşkilatçılarının peşəkarlığı turnirin yüksək standartını bir daha göstərdi. Turnirlər çox yaxşı təşkil olunmuşdu. Komandamla, yoldaşlarımla və digər iştirakçılarla sanki illərdir bir yerdə oynayırmış kimi bir atmosfer yaranmışdı. Hər an birlikdə çalışmaq və əylənmək hissi turniri daha da maraqlı və yaddaqalan etdi. Turnirin bombardir olmaqda və çempionatın ən yaxşı oyunçusu seçilməyimdə komandamın və dostlarımın böyük əməyi oldu. Buradan onlara bir daha təşəkkür edir, minnətdarlığımı bildirirəm. Orada keçirdiyim vaxt çox gözəl oldu. Hətta ən yaxşı oyunçu mükafatı veriləndə mən bilmirdim, amma bayrağımız əvvəlcədən hazırlanmışdı və Türkiyə-Azərbaycan bayraqları ilə birlikdə dalğalandırıldı. Mənim üçün ən böyük sürpriz və həm də qürurverici an elə bu oldu. Bu, həm mənim üçün, həm də komandam üçün xüsusi bir xatirə kimi qalacaq.

Mənə həmçinin bildirildi ki, belə turniri Azərbaycanda da keçirmək olar. Əgər "GOLAZO" turniri ölkəmizdə təşkil olunsa, məsələn, 4-cü və ya 5-ci dəfə, mən gücüm çatan qədər kömək edə bilərəm. Bu layihə mini futbol sahəsində əlaqələrin inkişafına, gənc oyunçuların təcrübə qazanmasına və tədbirin yüksək səviyyədə təşkilinə böyük töhfə verə bilər. Şəxsən məncə, belə bir layihə Azərbaycanda da uğurla keçəcək və mini futbolun inkişafına əhəmiyyətli təsir göstərəcək".