Mətləb Salahov: “Bu adam başqa bir ölkənin prezidentini yorğan-döşəyindən oğurlamaqla olan-qalan beynəlxalq hüququ da zibil yeşiyinə tulladı”
“Donald Trampın sürətlə dünyadakı prosesləri nəzarətə götürüb ən müxtəlif ölkələrdəki sərvətləri caynağına keçirməsi artıq adi hal alıb. Bu gün dünyada siyasətlə maraqlanmayan istənilən adam da əla anlayır ki, bu milyarder prezidenti dünyadakı əmin-amanlıq yox, öz şəxsi biznes maraqları, daha çox sərvət ələ keçirmək hərisliyi düşündürür.
Təkcə Volodimir Zelenskiyə zor yolu ilə qol çəkdirib Ukraynanın təbii sərvətlərinə sahiblənməsini, Nikolas Maduranı arvadı ilə birlikdə yataqdan oğurlayıb səhərisi gün Venesuela neftini öz adından dünya bazarlarına satışa çıxarmasını xatırlatmaq kifayət edir ki, ABŞ tarixində bənzəri olmayan bu cür prezidentin dünya hegemonluğuna can atdığına şahid olasan. Digər ölkələrdə “sülh yaratmaq” əvəzində onların sərvətlərinə əl qoyan hazırkı Ağ Ev sahibinin niyyəti dünya üçün daha dağıdıcı olacaq.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. O qeyd edib ki, D.Tramp ənənəvi ABŞ prezidenti obrazından çox uzaqdadır və daha çox hər şeyi qamarlamaq üçün alışıb yanan yırtıcı biznesmen libasındadır. “Bu adamı ənənəvi ABŞ prezidentlərindən fərqləndirən çox şey var. İlk əvvəl bu adamın üstündə dövlət libasından əsər-əlamət yoxdur. O yırtıcı biznesmen qiyafəsindədir və hər kəsi özünə tabe etdirən, dünya sərvətlərinə əl qoyan hegemoniya olmaq istəyir. D.Trampın dünya sərvətlərini ələ keçirmək siyasəti ABŞ-ın hegemoniyasınamı xidmət edir, yoxsa özünün şəxsi varlanması üçündür, bunu zaman göstərəcək. Görünən odur ki, ABŞ-ın illərdir bağırdığı demokratiya imicindən zərrəcə qədər əsər-əlamət də qalmayıb və hazırda bu dövlət açıq-aşkar yırtıcı imperiya görkəmindədir.
Bu adam başqa bir ölkənin prezidentini yorğan-döşəyindən oğurlayıb qaçırmaqla olan-qalan beynəlxalq hüququ da zibil yeşiyinə tulladı. Hazırda İranda Xomeyni rejimini keçmiş İran şahının qaçaq oğlu ilə əvəzləmək üçün çalışan D.Tramp Yaxın Şərqdə də bütün mövcud olanları silib yeni sistem yaratmaq üçün hərəkətə keçib. Əlbəttdə, bölgəmizdə baş verənlərin bizə də çox dəxli var. ABŞ rəhbərinin İranla bağlı planları bizə nə vəd edir, D.Trampın İsraillə birlikdə gələcək hədəfi hansı ölkələr olacaq, bölgənin yeni xəritəsi necə olacaq? Onu gələcək göstərəcək. Hələ ki, dünyada ağalıq edən görkəmində D.Trampdır. Amma bu istək reallıqdır, yoxsa mif? – onu da zamana buraxaq”.
Afət Tahirqızı