Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən vətəndaşlara göstərilən poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasir tələblərə uyğunlaşdırılması və xidmətlərin əlçatanlığının artırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. SİA-nın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu tədbirlərin tərkib hissəsi olaraq Ordubad rayonunun Aza kəndində yerləşən, fiziki və texniki baxımdan istismar üçün yararsız vəziyyətdə olan poçt şöbəsinin fəaliyyəti dayandırılıb, onun fəaliyyəti Azadkənd kəndində müasir standartlara cavab verən yeni binaya köçürülüb.
Burada zəruri infrastruktur və müasir avadanlıqlarla təchiz olunmuş şərait yaradılıb. Yeni poçt şöbəsi tam təmir edilib, rabitə və informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub, həm əməkdaşlar, həm də vətəndaşlar üçün rahat və səmərəli iş və xidmət mühiti formalaşdırılıb. Yeni yaradılmış şəraitlə yerində tanışlıq zamanı poçt xidmətlərinin daha operativ təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və regionlarda sosial infrastrukturun inkişafı baxımından görülən işlərin əhəmiyyəti xüsusi vurğulanıb. Sakinlər artıq poçt və əlaqəli xidmətlərdən daha sürətli, rahat və müasir şəraitdə istifadə etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, Azadkənddə yerləşən bu poçt şöbəsi təkcə Aza kəndinin deyil, eyni zamanda Darkənd kəndinin sakinlərinə də xidmət göstərir.
Bildiririk ki, sözügedən təşəbbüs Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin tapşırığı ilə yerli icra hakimiyyəti orqanları, o cümlədən Ordubad Rayon İcra Hakimiyyəti ilə aparılmış müzakirələr və razılaşmalar əsasında həyata keçirilmişdir. Layihə regionların sosial-iqtisadi inkişafına, dövlət xidmətlərinin müasir standartlara uyğun təşkili və əhalinin poçt-rabitə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.