"Xarici bazar dəyişiklikləri daxilə təsir edir" - İQTİSADÇI DANIŞDI

15 Yanvar 2026 11:42 (UTC+04:00)

"Azərbaycanda qiymət artımına təsir edən amillər kifayət qədər çoxşaxəlidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, xaricdən asılılıqla yanaşı, daxildə tətbiq olunan gömrük və vergi siyasəti də qiymətlərin formalaşmasına birbaşa təsir göstərir: "Bu səbəbdən qiymət artımını yalnız bir amillə əlaqələndirmək düzgün olmaz, çünki proses bir-biri ilə bağlı olan bir çox faktorun təsiri altında baş verir.

Xüsusilə xaricdən asılılıq məsələsi daha qabarıq şəkildə özünü göstərir. Ərzaq məhsullarında Azərbaycanın təxminən 75 faiz xaricdən asılı olması ölkəni beynəlxalq bazarlarda baş verən qiymət dəyişikliklərinə həssas edir. Xarici bazarlarda istənilən bahalaşma, logistika xərclərinin artması və ya valyuta dəyişiklikləri birbaşa daxili bazara ötürülür və nəticədə qiymətlər yüksəlir.

Bundan əlavə, idxal olunan məhsulların gömrük rüsumları, vergilər və nəqliyyat xərcləri də yekun qiymətin artmasına səbəb olur. Yerli istehsalın məhdud olması isə alternativlərin azalmasına və bazarda rəqabətin zəifləməsinə gətirib çıxarır. Nəticə etibarilə, xaricdə baş verən hər hansı iqtisadi dəyişiklik Azərbaycanda istehlakçıların gündəlik xərclərinə ciddi təsir göstərir və qiymət artımını daha qaçılmaz edir".