Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 129, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 20 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər də saxlanılıb.