“Azərbaycanın quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımdan mühümdür“ - ŞƏRH OLUNDU

14 Yanvar 2026 16:26 (UTC+04:00)

“Azərbaycanın pandemiya dövründən etibarən quru sərhədlərini bağlı saxlaması formal olaraq epidemioloji səbəblərlə izah edilsə də, mövcud regional və qlobal proseslər bu qərarın getdikcə daha çox təhlükəsizlik mülahizələri ilə uzlaşdırıldığını göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, rəsmi açıqlamalara əsasən, 2026-cı ilin aprel ayınadək sərhədlərin bağlı qalacağı bildirilsə də, real geosiyasi kontekst bu müddətin uzadılmasının mümkünlüyünü artırır:

”Xüsusilə Rusiya-Ukrayna müharibəsi, İranda baş verən daxili etirazlar, eləcə də İsrail-İran qarşıdurması fonunda Azərbaycanın sərhədləri bağlı saxlamaq qərarı təhlükəsizlik baxımından rasional addım kimi qiymətləndirilə bilər. Regionda qeyri-sabitliyin artması, silahlı qarşıdurmaların genişlənməsi və potensial humanitar böhran riskləri, o cümlədən qaçqın axını ehtimalı, sərhəd nəzarətinin gücləndirilməsini zəruri edir. Xüsusən İran-İsrail münaqişəsinin genişmiqyaslı mərhələyə keçəcəyi təqdirdə, Azərbaycanın cənub sərhədləri boyunca əlavə təhlükəsizlik çağırışlarının yarana biləcəyi istisna edilmir.

Bununla yanaşı, quru sərhədlərin uzun müddət bağlı qalması sərhədyanı ərazilərdə yaşayan əhalinin sosial-iqtisadi rifahına mənfi təsir göstərir. Bu regionlarda yaşayan vətəndaşların əhəmiyyətli hissəsi Rusiya, İran və digər qonşu ölkələrlə ticarət fəaliyyəti, kiçik sahibkarlıq və sərhədyanı iqtisadi əlaqələr hesabına dolanırdı. Quru keçidlərin bağlanması bu fəaliyyətləri məhdudlaşdırmaqla, alternativ gəlir mənbələrinin tapılmasını çətinləşdirir və regional iqtisadi aktivliyi zəiflədir.

Mövcud tendensiyalar göstərir ki, sərhədlərin açılması məsələsi yalnız pandemiya faktoruna deyil, daha çox təhlükəsizlik risklərinin dinamikasına bağlıdır. Bu baxımdan, yaxın perspektivdə, o cümlədən cari il ərzində quru sərhədlərin tam açılması ehtimalı yüksək görünmür. Azərbaycan hakimiyyətinin qərarları pandemiya və təhlükəsizlik arqumentləri ilə əsaslandırılsa da, bu siyasətin ölkənin ümumi iqtisadi inkişafına, xüsusilə sərhədyanı ticarətə və regional iqtisadi tarazlığa müəyyən təsirlər göstərdiyi də açıq şəkildə müşahidə olunur”.