Mədəniyyət naziri Adil Kərimli yanvarın 14-də Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyində keçirilən qəbulda paytaxtla yanaşı, bölgələrdən də sakinlər, o cümlədən bir qrup mədəniyyət xadimi iştirak edib. Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə nazirliyin struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə şəhid ailələri və qazilər tərəfindən diqqətə çatdırılan məsələlərə xüsusi yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.