"Azad edilmiş torpaqlarda quruculuğa Prezident özü rəhbərlik edir" - ŞƏRH

14 Yanvar 2026 15:36 (UTC+04:00)

"Prezident İlham Əliyevin yorulmadan işğaldan azad edilmiş torpaqlara səfərlər etməsi, orada tikinti-quruculuq işləri ilə birbaşa maraqlanması, hər bir işin üzərində faktiki olaraq nəzarəti əldən verməməsi onu göstərir ki, cənab Prezident Azərbaycan torpaqlarına sahiblənmənin ən yüksək zirvəsini nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Ağdərə ilə bağlı proses də məhz bu qəbildəndir. Cənab Prezident həmin şəhərin və ümumilikdə rayonun yenidən tikilib-qurulması üçün əlindən gələni edir, əhalinin bu ərazilərə tezliklə köçürülməsinə çalışır. Təbii ki, bu işlərin sürətlə və keyfiyyətlə aparılması üçün həm Prezidentin şəxsi nəzarəti, həm də dövlətin iradəsi olduqca vacibdir.

Prezidentin Ağdərə şəhərinin baş planı ilə tanış olması da bu kontekstdə qiymətləndirilməlidir. Yəni bu addım “özüm işin üzərindəyəm, nəzarət edirəm və hər şeyin düzgün şəkildə həyata keçirilməsi üçün çalışıram” mesajını verir. Bu, sadəcə görüntü deyil, Prezidentin yeri gələndə adi bir vətəndaş kimi, hətta əlinə bel alaraq həmin işlərə töhfə verməsinin rəmzidir.

Azərbaycan Prezidenti dövləti idarə etməklə yanaşı, özünü sıravi bir azərbaycanlı kimi aparır və bu işlərə elə bir bağlılıqla yanaşır ki, sanki o da həmin torpaqlardan köçkün düşmüş bir soydaşımızdır. Bu yanaşma isə, təbii ki, məcburi köçkünlərin öz torpaqlarına daha tez və könüllü şəkildə qayıtmasına şərait yaradır".