“Bu, ölkəmizin müstəqil xarici siyasət kursunun məntiqi davamıdır” - ŞƏRH EDİLDİ

14 Yanvar 2026 15:27 (UTC+04:00)

“İranda müşahidə olunan son hadisələr regionda baş verən ümumi geosiyasi proseslərin tərkib hissəsi kimi diqqətlə izlənilir. Azərbaycan bütün dövlətlərlə, eləcə də qonşularla münasibətlərində hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, bu mövqe hazırkı şəraitdə də dəyişməz olaraq qalır:

”Düşünürəm ki, ölkəmizin mövqeyi hər bir dövlətin daxili məsələlərinin yalnız həmin ölkənin konstitusion əsasları çərçivəsində və hüquqi mexanizmlər əsasında həll olunmasının dəstəklənməsidir. Azərbaycan heç bir halda regionda gərginliyi artıran, sabitliyi pozan və qarşıdurmanı təşviq edən mövqelərin tərəfdarı deyil. Əksinə, ölkəmiz Cənubi Qafqaz və ətraf bölgələrdə sülhün, təhlükəsizliyin və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmlənməsini strateji prioritet olaraq qəbul edir. Eyni zamanda, Azərbaycan üçün əsas məsələ regionda yaranan proseslərin milli təhlükəsizliyə, nəqliyyat-kommunikasiya xətlərinə və iqtisadi əməkdaşlıq imkanlarına mənfi təsir göstərməsinin qarşısının alınmasıdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, rəsmi mövqeyimiz praqmatik yanaşmaya əsaslanır. Nəticə etibarilə, İranda baş verən hadisələrə Azərbaycanın reaksiyası emosional deyil, dövlət maraqlarına əsaslanan prinsipial diplomatik xətt üzərində qurulub. Bu yanaşma Azərbaycanın regionda sabitləşdirici aktor kimi rolunu daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin müstəqil xarici siyasət kursunun məntiqi davamıdır”.