"Ümumiyyətlə, dünya təcrübəsində evlilik öncəsi və evlilik sonrası psixoloji müayinələrin aparılması ilə bağlı bəzi ölkələrdə qanunvericilik mövcuddur və düşünürəm ki, zamanla Azərbaycan da bu qayda və qanunları tətbiq edəcək". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, artıq evlilik öncəsi, xüsusilə qohum evliliklərinin qarşısının alınması istiqamətində müəyyən işlər görülür: "Tibbi baxımdan cütlüklər yoxlanışdan keçirilir və evlilikdən sonra problem yaranarsa, bununla Mediasiya Şurası məşğul olur və ailələrin dağılmasının qarşısını almağa çalışır.
Amma düşünürəm ki, evlilik öncəsi psixoloji dəstək və yoxlanış da çox vacibdir. İnkişaf etmiş ölkələrin demək olar ki, əksəriyyətində bu praktika artıq tətbiq olunur. Psixoloji baxımdan rahatlıq, qorxuların, aqressiyanın və ya inkişafdan geri qalmanın olub-olmaması ailə həyatına birbaşa təsir edir. Belə hallar mövcuddursa, evlənməzdən əvvəl psixoloji dəstək almaq və bu məsələləri öncədən həll etmək daha məqsədəuyğundur.
Çünki ailə qurulduqdan sonra çox zaman düşünülür ki, problemlər öz-özünə həll olunacaq, lakin əksinə, onlar daha da qabarıq şəkildə ortaya çıxır və bununla mübarizə aparmaq çətinləşir. Buna görə də yalnız psixoloji yardım deyil, eyni zamanda psixoloji profilaktika, təlimlərə qatılmaq və fərdi şəkildə psixoloq və ya psixiatrdan məsləhət almaq çox faydalı olar".