Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirlərdə sərhədçilərin Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində xidmət aparmaqdan qürur duyması xüsusi vurğulanıb.
Bildirilib ki, DSX-nin sıralarında xidmət edərək, Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirən hərbi qulluqçular Hərbi Anda sadiq qalaraq yüksək döyüş ruhu, intizam və peşəkarlıq göstərib, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına əvəzsiz töhfələr veriblər.
Xidmət dövründə əsgər və zabitlərimiz ən çətin tapşırıqları qətiyyətlə icra edib, birlik və həmrəylik nümayiş etdirib, sərhədçi gücü və iradəsini layiqincə təmsil ediblər.
Ehtiyata buraxılan hərbi qulluqçular Vətənə xidmətləri ilə qürurlu olduqlarını, zərurət yarandığı halda qazandıqları bilik və təcrübə ilə yenidən sərhədlərimizin mühafizə və müdafiəsinə hazır olduqlarını bildiriblər: “Bu, Azərbaycan əsgərinin sarsılmaz iradəsinin və milli ruhunun təzahürüdür”.
“Vətənə xidmət şərəfdir!” şüarı altında hərbi xidmətlərini başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə görə təşəkkür edilib.
Sonda xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilib və şəxsi heyət təntənəli şəkildə yola salınıb.