Azərbaycan ilə İraq arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub

14 Yanvar 2026 12:36 (UTC+04:00)

Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov etimadnaməsinin surətini bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynə təqdim edib.

Bu barədə SİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, iraqlı nazir səfir Eldar Səlimova gələcək fəaliyyətində uğurlar arzu edib. Fuad Hüseyn Azərbaycan ilə tarixən formalaşmış güclü münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayıb. O, indiyədək müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dost Azərbaycanda 4 dəfə səfərdə olduğunu bildirib. İraqlı nazir iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını, bu baxımdan 2025-ci ildən etibarən Bağdad-Bakı istiqamətində AZAL və İraq hava yolları şirkətlərinin həyata keçirdiyi reyslərin əhəmiyyətini vurğulayıb.

Səfir E.Səlimov iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, 2025-ci il mayın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqa rəsmi səfərinin, aprelin 20-də Bağdadda Azərbaycan və İraq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci iclasının və dekabr 3-4-də Bakıda keçirilmiş Hökumətlərarası birgə komissiyanın 4-cü iclasının vacibliyini vurğulayıb. Səfir Bakı ilə Bağdad arasında yüksək səviyyəli əlaqələrin və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında gündəlikdə yer alan digər ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.