Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib

14 Yanvar 2026 11:49 (UTC+04:00)

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) başçəkmə keçirib.

Bu barədə SİA-ya Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, həmçinin saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin saxlama kameralarına, istintaq, tibb, ibadət otağına, mətbəxə, gəzinti yerinə baxış keçirilib, eyni zamanda MSY-də saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib.

Müəssisə rəhbərliyi və əməkdaşlara qanunvericiliyin tələbləri nəzərə alınmaqla saxlanma şəraiti və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilməklə hüquqi-maarifləndirici söhbətlər aparılıb, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı və səlahiyyətləri barədə ətraflı məlumat təqdim edilməklə, 24 saat fəaliyyət göstərən "916" Çağrı Mərkəzi haqqında informasiya əks olunmuş lövhə, bukletlər və digər nəşrlər də təqdim olunub.