Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) İdarə Heyətinin 2025-ci ilin yekunları üzrə hesabat xarakterli iclası keçirilib.
AKAF-dan SİA-ya bildirilib ki, əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını və ötən il ərzində federasiya tərəfindən həyata keçirilmiş layihələrin, qazanılmış nəticələrin hesabatını təqdim edib. Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirəyə çıxarılaraq bir sıra qərarlar qəbul olunub. Belə ki, Federasiyanın Hakimlər Kollegiyası yaradılıb, İlqar Tağıyev kollegiyaya sədr seçilib. Aleksandr Jukovskinin kanoe üzrə yığmaya baş məşqçi vəzifəsinə təyin edilməsi təsdiqlənib. Akademik avarçəkmə üzrə komandanın baş məşqçisi Volodimir Morozovun növbəti Olimpiya dövrü üçün fəaliyyətinin davam etdirilməsinə qərar verilib. Həmçinin federasiyaya yeni üzvlər seçilib.