Elm və Təhsil naziri Emin Əmrullayevin “gələn il bəzi məktəblərin distant təhsilə keçə biləcəyi” ilə bağlı səsləndirdiyi fikir cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən filologiya üzrə fəlsəfə doktoru, dosent, təhsil texnoloqu Şəmil Sadiq mövzunun emosional yox, sistemli yanaşma tələb etdiyini bildirib.
Onun sözlərinə görə, hazırda söhbət konkret qərardan deyil, ictimai müzakirəyə çıxarılmış ideyadan gedir və bu mərhələdə təhsil ictimaiyyətinin mövqeyi xüsusi əhəmiyyət daşıyır:
“Bu, artıq verilmiş qərar deyil. Nazirliyin müzakirəyə çıxardığı ideyadır və məhz bu mərhələdə müəllimlərin, valideynlərin, mütəxəssislərin fikirləri nəzərəalınmalıdır.”
Şəmil Sadiq qeyd edib ki, məktəbi yalnız fiziki məkan kimi qəbul etmək köhnə yanaşmadır. Dünyanın bir çox ölkəsində ucqar, əlçatmaz ərazilərdə distant təhsil dövlətin vətəndaşına verdiyi təminatdır:
“Məsələ məktəb olsunmu? yox, təhsil necə davam etsin? sualına cavab tapmaqdır. Distant təhsil yenilik yox, dövlət məsuliyyətidir.”
Ekspertin fikrincə, bir-iki şagirdlə fəaliyyət göstərən ucqar kənd məktəblərində nə canlı pedaqoji mühit, nə də keyfiyyətli tədris mümkündür. Bu baxımdan distant və ya hibrit model həmin uşaqlara daha güclü müəllim resurslarına çıxış imkanı yarada bilər:
“Əgər distant model ucqar kənd uşağına daha keyfiyyətli müəllimə çıxış verirsə, bu artıq ciddi üstünlükdür.”
Şəmil Sadiq tam distant modelin risklərinə də diqqət çəkərək, hibrit təhsil variantını daha məqsədəuyğun hesab edir:
“Tam distant təhsil uşaqlar üçün yorucu ola bilər. Nəzəri dərslər onlayn, praktiki və bacarıq yönümlü fənlər isə məktəbdə təşkil olunmalıdır.”
Təhsil texnoloqu distant təhsilin yalnız pedaqoji yox, həm də sosial, demoqrafik və strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu model kəndlərin boşalmasının qarşısını ala, əhalinin mərkəzə axınını azalda bilər:
“Bu, təkcə təhsil məsələsi deyil, ərazi və təhlükəsizlik siyasətidir. Təhsili kənddə saxlamaqla kəndi qorumaq mümkündür.”
Eyni zamanda, iqtisadi səmərəlilik amilinə də toxunan Şəmil Sadiq distant təhsilin dövlət üçün xərclərin optimallaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib:
“Eyni müəllimin bir neçə bölgəyə eyni anda dərs deməsi mümkündür. Bu, həm büdcəni yüngülləşdirir, həm də əhatə dairəsini genişləndirir.”
Sonda ekspert əsas məqamı xüsusi vurğulayıb ki, distant təhsil məqsəd deyil, vasitədir. Keyfiyyətsiz kontent və nəzarətsiz platforma bu modeli uğursuzluğa aparar. Uğur yalnız planlı və dövlət nəzarətində qurulan distant təhsillə mümkündür.
Şəmil Sadiqin fikrincə, ucqar ərazilərdə distant təhsil təhsilin zəifləməsi yox, dövlətin hər bir vətəndaşa bərabər təhsil imkanı yaratmaq bacarığının göstəricisidir.