Bu gün Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər. Azərbaycanın yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınması da özündə mühüm çağırışları ehtiva edir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı davamlı addımlar “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışının reallıqda öz təsdiqini tapmasının göstəricisidir. Bircə faktı qeyd etmək kifayətdir ki, ölkə iqtisadiyyatına yatırılan 350 milyard dollar investisiyanın 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. 2003-cü ildən qarşıya qoyulan həmin hədəf bölgələrin malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini önə çəkdi. Prezident İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirdi.
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə dövlət başçısı bir daha bu məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, paytaxt Bakımızın, bölgələrimizin dayanıqlı inkişafının təmin edilməsində infrastruktur layihələrinin uğurlu icrası əsas rol oynayır. Regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramında əsas hədəflərdən biri infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, mühüm layihələrin uğurlu icrası idi. Elektrik enerjisi ilə təchizat prioritet məsələlərdən idi. Bu gün enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta elektrik enerjisini ixrac edirik. Dövlət başçısı İlham Əliyevin müşavirədə vurğuladığı kimi, vaxt var idi bu məsələ ilə bağlı ciddi problemlər, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salındı. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılıb. Bu gün nəinki öz enerji tələbatımız, həmçinin ixrac yolları haqqında düşünürük. Onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə də elektrik enerjisini dünya bazarlarına ixrac edəcək.
Vüqar Rəhimzadə, həmçinin ölkəmizin, əhalinin qaz təminatından da bəhs edib. Bildirib ki, statistik rəqəmlərə diqqət yetirsək görərik ki, bu gün ölkəmizdə qazlaşmanın 96 faizə çatması bu sahədə görülən işlərin təqdimatıdır. Daxili tələbatını yüksək səviyyədə ödəyən Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir. Bu rəqəm də son deyil. Ölkəmizin uğurlu enerji siyasəti yeni tərəfdaşlar qazanmasında, yeni layihələrin gündəmə gətirilərək onlarda iştirak edəcək ölkələrin coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. İnfrastruktur layihələrindən bəhs edərkən yol infrastrukturunu xüsusi qeyd etməliyik. Yeni avtomobil, dəmir yolları çəkilir. Beynəlxalq Hava limanları tikilib istifadəyə verilib. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin fonunda infrastruktur layihələrinin icrasına verilən önəm diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev müşavirədə bildirdi ki, hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.
Millət vəkili yanvarın 12-də keçirilən müşavirənin həsr olunduğu məsələyə diqqəti yönəldərək bildirib ki, Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutur. İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Dövlət başçısı müşavirədə qeyd etdi ki, Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar. Vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapıb. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və proses davam etdirilir.
Son 20 ildə dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək istərdik. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı imkan verdi ki, Samur çayının suları “Ceyranbatan” su anbarına yığılsın və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən quruldu. Yeni, müasir təmizləyici qurğular kompleksi inşa edildi. Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir. Son beş ildə bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onlardan biri “Sərsəng” su anbarıdır. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Bu gün isə “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay” və “Bərgüşadçay”ın tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Bütünü bunlar bir daha sübut edir ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq var. Prezident İlham Əliyev müşavirədə bu məsələyə də xüsusi diqqət yönəltdi. Bildirdi ki, bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Görülən işlər qat-qat çoxdur, layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır. Əsas çağırışlardan biri də bu oldu ki, su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir.
Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın qeyd edilən sahədə gələcək inkişafı ilə bağlı aydın təsəvvür yaradır. Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiqləndi. Dövlət Proqramı strateji məsələ olan su təminatı və ekoloji təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək. Ümumiyyətlə, dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması əsas hədəflərdəndir.