Dünya Köçəri Oyunlarının açılışı avqustun 31-də Qırğızıstanda keçiriləcək
Dünya Köçəri Oyunları köçəri sivilizasiyaların etnik idman növlərinin və mədəni irsinin qorunması, təbliği məqsədi daşıyan unikal beynəlxalq layihədir. Bu oyunların yaradılması ideyası 2012-ci ildə Qırğızıstan tərəfindən irəli sürülüb və Azərbaycan da daxil olmaqla türk ölkələri tərəfindən geniş dəstək alıb. 2014-cü ildə Çolpon-Atada keçirilmiş ilk oyunlardan sonra layihə idman və mədəniyyəti birləşdirən irimiqyaslı festivala çevrilib. Hər iki ildən bir dünyanın 80-dən çox ölkəsindən minlərlə idmançı milli güləş növləri, atüstü oyunlar, oxatma və intellektual oyunlar kimi yarışlarda mübarizə aparır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan bu oyunlara yalnız geniş tərkibli idman nümayəndə heyətləri göndərməklə kifayətlənmir. Son illərdə ölkəmizin idman nailiyyətləri, xüsusilə müxtəlif güləş növlərində əldə olunan nəticələr diqqət çəkir.
2024-cü ilin sentyabrında keçirilmiş son oyunlarda Azərbaycan yığması 8 idman növü üzrə 54 idmançı ilə təmsil olunub. Komanda “kürəs” qazax güləşi, mas-restlinq, “aba” güləşi, “alış” kəmər güləşi, oxatma və digər növlərdə çıxış edib. Yarışların yekunlarına əsasən Azərbaycan yığması 7 medal (2 gümüş və 5 bürünc) qazanaraq, 89 iştirakçı ölkə arasında medalların sayına görə 9-cu, keyfiyyətinə görə isə 21-ci yeri tutub.
Türkiyədə keçirilmiş oyunlarda da Azərbaycan layiqli nəticə göstərərək IV Dünya Köçəri Oyunlarını 21 medalla başa vurub. Yığma 5 qızıl, 8 gümüş və 8 bürünc medal əldə edib.
Dünya Köçəri Oyunları Azərbaycan üçün idman diplomatiyasının mühüm tərkib hissəsi kimi çıxış edir, Türk dünyasının birliyinin möhkəmlənməsinə və mədəni irsin qorunmasına töhfə verir. Azərbaycan bu il də aparıcı mövqeyini nümayiş etdirməyi, yalnız peşəkar idmanda deyil, eyni zamanda, unudulmuş xalq adətlərinin dirçəldilməsi sahəsində əldə etdiyi nailiyyətləri təqdim etməyi planlaşdırır.
Bu il Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarında Azərbaycan güləş yarışları üzrə favoritlərdən biri kimi qiymətləndirilir.
Beynəlxalq “Bişkek-Arena” stadionunun baş mühəndisi Nazirbəy Sarbayevin sözlərinə görə, hazırda əsas tikinti işləri başa çatdırılıb. O bildirib ki, ilkin mərhələdə stadionun tutumu 45 min tamaşaçı üçün nəzərdə tutulub. Lakin FIFA-nın tələblərinə uyğun olaraq, bu göstərici 51 min yerədək artırılıb. Yurt formasında inşa edilən qurğunun hündürlüyü 70 metrdir. Tikintinin ümumi sahəsi 170 min kvadratmetr təşkil edir və bunun 70 min kvadratmetri birbaşa stadionun payına düşür. İşlər müəyyən edilmiş qrafikə uyğun aparılır və avqustun 31-də bu arenada Dünya Köçəri Oyunları keçiriləcək.