Ötən il Şərur rayonunun yerli büdcəsinin gəlirləri 8 milyon 980 min manat proqnoza qarşı 9 milyon 377 min 30 manat, xərcləri isə 7 milyon 595 min manat proqnoza qarşı 5 milyon 970 min 514 manat icra edilib.
SİA xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətindən bildirilib ki, vergi ödənişləri ötən il 9 milyon 333 min 229 manat, Dövlət Sosial Müdafiə Fondu ödənişləri 12 milyon 171 min 576 manat, işsizlikdən sığorta ödənişləri 462 min 970 manat, icbari tibbi sığorta ödənişləri isə 2 milyon 41 min 86 manat icra olunub.
“Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tətbiq olunan güzəştlər Şərurda özəl sektorun inkişafına təkan verib. Hazırda rayon üzrə ümumilikdə dövlət qeydiyyatına alınmış 1000-dən artıq sahibkarlıq subyekti fəaliyyət göstərir. Ötən il Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ümumilikdə 49 layihəyə 1 milyon 482 min 500 manat dəyərində güzəştli kredit ayrılıb. Onlardan 44-ü kənd təsərrüfatı, 2-si sənaye istehsalı, 3-ü isə xidmət sektorunun inkişafına yönəldilib.
Dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin inkişafına və genişləndirilməsinə göstərilən dəstək nəticəsində 2025-ci ildə Şərur rayonunda 27 yeni iş yeri açılıb.
2025-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 304 milyon manatı ötüb. Belə ki, kənd təsərrüfatında 159 milyon, ticarət, nəqliyyat və anbar təsərrüfatında 97 milyon, sənayedə 25 milyon, tikintidə 20 milyon, informasiya və rabitə sahəsində isə 819 min manat qeydə alınıb. Xüsusilə 2024-cü illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlərdə 12,6 faiz, kənd təsərrüfatı-bitkiçilik istehsalında 0,9 faiz, pərakəndə ticarət dövriyyəsində 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə 0,4 faiz, yük daşınmalarında 1,1 faiz, sərnişin daşınmalarında isə 1,2 faiz artım müşahidə olunub.