Avropa Parlamenti ABŞ-a qarşı "rıçaq" tapdı...

13 Yanvar 2026 18:29 (UTC+04:00)

Avropa Parlamentindəki (AP) Yenilənən Avropa qrupunun sədri Valeri Aylet, ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı şərhlərindən sonra ABŞ hökumət borcundan siyasi rıçaq kimi istifadə etməyi təklif etdi.

SİA-nın məlumatına görə, o, RFI radiosunda deyib ki, “…ABŞ hökumət borcuna qarşı rıçaqlarımız var. AB ABŞ aktivlərinə mərkəzi bankları vasitəsilə sahibdir. Bu, böyük məbləğdir. ABŞ ildə bir neçə trilyon dolları yenidən maliyyələşdirməlidir.”

O, əlavə edib ki, “bu, avropalıların "hələ istifadə etmədiyi çox təsirli bir silahdır. Biz bundan istifadə etməli ola bilərik və qorxmağa ehtiyac yoxdur”, - deyə Avropa Parlamentinin üzvü yekunlaşdırıb.

Aylet həmçinin qeyd edib ki, AB, digər şeylərlə yanaşı, ABŞ şirkətlərinin 450 milyon istehlakçıdan ibarət bazarına çıxışını qadağan edə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının zəruriliyini bildirib. Birinci müddətində o, Qrenlandiyanı almağı təklif edib və 2025-ci ilin mart ayında onun ilhaq edilə biləcəyinə əminliyini bildirib.

Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller əvvəllər Danimarkanın adaya nəzarət etmək hüququnu şübhə altına almış və onun ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu bildirmişdi.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiya Müdafiə Müqaviləsini imzaladılar. Bu Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürdü.

Əli Babayev