İtaliyada həftələrlə axtarılan, itkin düşmüş alpinisti süni intelektlə tapdılar…

13 Yanvar 2026 17:58 (UTC+04:00)

Texnologiya dünyası bu hadisəni müzakirə edir! Süni intellekt itkin alpinisti necə tapdı?

SİA-nın CNN xəbər saytına istinadən verdiyi məlumata görə,İtaliyada həftələrlə nəticə verməyən axtarış işləri, dron görüntülərini analiz edən süni intellektin qar üzərində aşkar etdiyi qırmızı bir kaska görə cəmi bir neçə saat ərzində başa çatdı.

İtaliyanın Pyemont (Piemonte) bölgəsində itkin düşən bir alpinistin tapılması axtarış-xilasetmə əməliyyatlarında süni intellektin həyat qurtaran potensialını ortaya qoydu. Normalda həftələr, hətta aylar çəkə bilən axtarışlar bu hadisədə saatlar içində nəticə verdi.

Təcrübəli alpinist və ortopediya cərrahı Nikola İvaldo (Nicola Ivaldo) ilə əlaqə kəsildikdən sonra həyəcan siqnalı verildi. 66 yaşlı İvaldo bazar gecəsindən bazar ertəsinə keçən gecə işə gəlmədiyi üçün itkin elan edildi. Təkbaşına yola çıxan İvaldo hara getdiyini heç kimlə paylaşmamışdı. Xilasetmə qruplarının əlindəki yeganə ipucu Kastello di Pontekyanaledə tapılan avtomobili və telefonundan alınan son siqnal idi.

Axtarış sahəsi nəhəng idi

Bu məlumatlar İvaldonun Kottian Alplarının iki simvolik zirvəsindən birinə yönəlmiş ola biləcəyini göstərirdi: 3 841 metr hündürlüyü olan Monvizo (Monviso) və ya onun qonşusu Vizolotto (Visolotto). Lakin hər iki dağın yüzlərlə kilometrlik yürüş şəbəkəsi və çoxsaylı marşrutları axtarış sahəsini son dərəcə genişləndirirdi.

İtkin düşdüyü gün havanın yaxşı olmasına və populyar marşrutlarda izdiham yaşanmasına baxmayaraq, heç kimin İvaldonu görməməsi onun daha ucqar bir marşrut seçdiyinə işarə edirdi.

Təxminən bir həftə ərzində 50-dən çox xilasedici quru ərazilərdə axtarış apardı. Helikopterlər də havadan dəfələrlə ərazini yoxladı. Lakin sentyabrın sonlarında yağan erkən qarla birlikdə İvaldonun sağ tapılma ümidləri azaldı və axtarışlar dayandırıldı.

Süni intellekt işə qoşuldu

2025-ci ilin iyulunda qarların böyük ölçüdə əriməsindən sonra axtarışlar yenidən başladıldı. Bu dəfə xilasetmə qruplarına süni intellekt də qoşuldu. Dronlar vasitəsilə çəkilmiş minlərlə yüksək keyfiyyətli fotoşəkli analiz edə bilən xüsusi proqram təminatından istifadə olundu.

İki dron beş saat ərzində görüntüləri topladı. Şəkillər həmin gün analiz edilərək, qrupların fokuslanmalı olduğu ərazilər müəyyənləşdirildi. Əlverişsiz hava şəraiti bəzi nöqtələrə yaxınlaşmanı gecikdirsə də, nəticə qısa müddətdə əldə edildi.

Qırmızı kask əsas ipucu oldu

Axtarışın üçüncü günündə süni intellektin işarələdiyi ərazilərdən birində, Monvizonun şimal yamacında təxminən 3 150 metr yüksəklikdə İvaldonun cansız bədəni tapıldı və helikopterlə çıxarıldı.

Əsas ipucu proqram təminatının “diqqət nöqtəsi” kimi müəyyən etdiyi qırmızı bir kask idi. Üçə endirilmiş mümkün nöqtələrdən birində görünən bu qırmızı obyekt, ertəsi səhər aparılan yaxın baxış zamanı İvaldonun kaskı olduğu təsdiqləndi.

Dronların manevr qabiliyyəti həlledici oldu

Əməliyyatda dronların manevr qabiliyyəti həlledici rol oynadı. Helikopterlərin yaxınlaşa bilmədiyi qayalı divarlara və dar keçidlərə daxil ola bilən dronlar 452 hektar ərazini skan etdi və 2 600-dən çox fotoşəkil çəkdi.

Turin Dağ Xilasetmə Stansiyasının rəhbəri və dron pilotu Saverio İzola bildirib:

“İki il əvvəl bu şəkillərin hər birini tək-tək biz yoxlayırdıq.”

Süni intellekt pikselləri ayrı-ayrılıqda analiz edərək onlarla “anomaliya” müəyyən etdi. Lakin son seçim və təsdiq mərhələsi yenə də insan mütəxəssislərin iştirakı ilə həyata keçirildi.