"Bakının mövcud su-kanalizasiya sistemi əsasən ötən əsrin 70-ci illərində formalaşdırılıb və həmin dövrün şəhərsalma tələblərinə uyğun şəkildə qurulub. O vaxtdan bəri isə Bakı həm əhali sayı, həm də ərazi və infrastruktur baxımından xeyli dərəcədə böyüyüb. Əhalinin artımı ilə yanaşı, xüsusilə son illərdə şəhər mərkəzində və ətraf ərazilərdə çoxsaylı hündürmərtəbəli yaşayış binaları, iri ticarət və biznes obyektləri, sosial və inzibati tikililər inşa edilib. Bütün bunlar mövcud su və kanalizasiya sisteminə ciddi əlavə yük yaradıb. Təbii ki, onilliklər əvvəl layihələndirilmiş və bu günkü reallıqları nəzərə almayan sistem belə bir yüklənməni tam şəkildə qarşılamaq gücündə deyil". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən xüsusilə intensiv yağışlar zamanı bəzi küçə və prospektlərin su altında qalması, yağış sularının vaxtında kənarlaşdırıla bilməməsi, nəticədə nəqliyyatın hərəkətində ciddi çətinliklərin yaranması artıq adi hal almışdı:
"Cənab Prezident İlham Əliyevin dünən keçirdiyi müşavirə bir daha göstərdi ki, bu məsələlər ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir və problemin ciddiliyi ən yüksək səviyyədə dərk olunur. Qeyd etmək lazımdır ki, müşavirəyə qədər Prezidentin tapşırığı əsasında müvafiq dövlət qurumları tərəfindən geniş təhlillər aparılıb, mövcud vəziyyət qiymətləndirilib və konkret təkliflər hazırlanıb. Bu da onu göstərir ki, məsələ spontan deyil, sistemli və planlı şəkildə həll olunmaq üçün gündəmə gətirilib.
Müşavirə zamanı səsləndirilən fikirlər və irəli sürülən təkliflər onu deməyə əsas verir ki, həm Bakı şəhərinin, həm də bütövlükdə Abşeron yarımadasının su təchizatı və kanalizasiya sisteminin mərhələli və müasir tələblərə uyğun şəkildə yenilənməsi qarşıya əsas məqsəd kimi qoyulub. Xüsusilə yağış sularının qısa müddətdə toplanaraq kənarlaşdırılması, yeni kollektorların və nasos stansiyalarının qurulması, mövcud xətlərin genişləndirilməsi və yenilənməsi istiqamətində ciddi addımların atılması planlaşdırılır. Bu işlərin həyata keçirilməsi həm şəhər infrastrukturunun dayanıqlığını artıracaq, həm də vətəndaşların gündəlik həyat keyfiyyətinə müsbət təsir göstərəcək. Hesab edirəm ki, bu müşavirədən sonra başlanacaq və mərhələli şəkildə icra olunacaq layihələr yaxın gələcəkdə öz real nəticəsini verəcək. Nəticədə Bakı daha müasir, təhlükəsiz və iqlim çağırışlarına davamlı şəhər kimi formalaşacaq, yağışlı hava şəraiti artıq ciddi problem mənbəyi olmayacaq. Bu isə ümumilikdə paytaxtın inkişafına və sakinlərin rifahına mühüm töhfə verəcək".